XİN: “Cəbhə xəttində baş verən hadisələr münaqişənin həllinin uzanmasına yönəlib” AÇIQLAMA
"Ümumiyyətlə, cəbhə xəttində baş verən hadisələrlə bağlı rəsmi İrəvan öz xalqına yalan danışır və onu aldadır. Onlar həqiqətləri lazımi olan mahiyyət, məzmun üzrə təqdim etmirlər". Bunu SİA-ya Azərbaycan xarici işlər nazirinin (XİN) mətbuat xidmətinin rəhbəri Elman Abdullayev son günlər cəbhə xəttində işğalçı ölkə tərəfindən törədilən təxribatlara münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, bu cür təxribatlarla işğalçı ölkə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı siyasi iradənin və eyni zamanda konstruktivliyin olmasına ciddi şübhə yaradır: "Bununla belə, hər iki amilin şübhə doğurması, Ermənistan tərəfindən münaqişənin həllinə kölgə salır. Xüsusilə bu təxribatların danışıqlar ərəfəsində baş verməsi təbii ki, işğalçı ölkənin status-kvonun saxlanılmasında maraqlı olduğunu göstərir. İlk növbədə, onu qeyd etmək istərdim ki, bu kimi təxribatların və cəbhə xəttindəki gərginliyin tək bir əsası var. Təbii ki, bu da başlıca olaraq Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalının davamına hesablanıb. Ermənistan Silahlı Qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərindən çəkilərsə, bu gərginlik də olmaz. Hazırda rəsmi İrəvanın təxribatı ona hesablanıb ki, zabitlərimiz güllələnsin, günahsız insanlar öldürülsün. Beynəlxalq ictimaiyyətə, xüsusilə ATƏT-in Minsk qrupunun həmsədrlərinə məlumdur ki, rəsmi Bakı münaqişənin həlli ilə bağlı öz mövqeyini ortaya qoyub. Hər zaman bəyan etmişik ki, gec-tez Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bərpa olunacaq. Bu gün ölkəmizin buna kifayət qədər imkanları və qüdrəti var. Burada ən vacib məqam isə azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmasıdır. Onlara qarşı edilən bu qanlı etnik təmizləmələr siyasəti onu göstərir ki, beynəlxalq ictimaiyyət hələ də işğalçı ölkəyə lazımi reaksiyanı göstərmir. Təbii ki, bu da normal olaraq Azərbaycan cəmiyyətində ciddi etiraz hissiyatları oyadır. Bu baxımdan ölkəmizin bir nömrəli hədəfi, məqsədi ərazi bütövlüyümüzün bərpa olunmasıdır. İşğalçı ölkə nə qədər də çalışsa ki, münaqişənin həlli prosesini uzatsın, lakin Prezident İlham Əliyevin məqsədi bu status-kvonun dəyişdirilməsinə nail olmaqdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB