Elman Abdullayev: “Həmin şəxslərin Azərbaycan vətəndaşlığına mənsubluğu isbat olunmalıdır” AÇIQLAMA

Elman Abdullayev: “Həmin şəxslərin Azərbaycan vətəndaşlığına mənsubluğu isbat olunmalıdır” AÇIQLAMA

"Biz bununla bağlı dəfələrlə Azərbaycanın Ukraynadakı səfirliyi tərəfindən qarşı tərəfə açıqlama vermişik. İlk öncə isə onu demək istərdim ki, hələlik vətəndaşlarımızın xəsarət alması ilə bağlı heç bir məlumat yoxdur. İkincisi isə vətəndaşlarımızın təhlükəsizliyi ilə bağlı məsələ daima nəzarətimiz altındadır". Bunu SİA-ya Azərbaycan xarici işlər nazirinin (XİN) mətbuat xidmətinin rəhbəri Elman Abdullayev Ukraynada baş verən hadisələr zamanı azərbaycanlı vətəndaşların xəsarət alması məsələsinə münasibət bildirərkən deyib.

"Təbii ki, biz hər zaman vətəndaşlarımızla əlaqə saxlayır, onların təhlükəsizliyi ilə maraqlanırıq. Bu, bir çox ölkələrdə olduğu kimi, Azərbaycan diplomatik korpusu tərəfindən də geniş yayılmış bir təcrübədir" – deyə, XİN sözçüsü deyib.

Azərbaycanlı vətəndaşların Suriyaya gedərək oradakı iğtişaşlara qoşulması məsələsinə gəlincə E. Abdullayev bildirib ki, bununla bağlı da dəfələrlə açıqlamalar verilib: "Bu məsələ dərindən araşdırılır və tədqiq edilir. Birincisi, həmin şəxslərin Azərbaycan vətəndaşlığına mənsub olub-olmaması isbat olunmalı və təsdiqlənməlidir. Ümumiyyətlə, Suriyadakı rejimin mövcudluğunu nəzərə alaraq, həmin ölkədə akkreditə olunan ölkələrin əksəriyyəti öz diplomatik korpusunu təxliyyə edib. Azərbaycanın da Suriyada diplomatik nümayəndəliyi mövcud deyil. Biz onu təqribən iki il bundan öncə təxliyyə etdik. Hazırda Azərbaycanın həmin ölkədəki səfirliyi Livanın paytaxtı Beyrutdan fəaliyyət göstərir. Təbii ki, belə bir gərgin vəziyyətdə hansısa konkret nəticələrin ortaya qoyulması qeyri-mümkündür. Artıq bu ölkəyə səfər etmək etmək müşkülə çevrilib. Çünki Suriya hərb meydanına çevrilib".

Bütün xəbərlər Facebook səhifəmizdə