Seymur Orucov: “Ölkəmizdə həyata keçirilən gənclər siyasəti dünya ölkələrinə nümunədir” MÜSAHİBƏ
Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucovun SİA-ya müsahibəsi
- 2 fevral ölkəmizdə "Gənclər Günü"dür. Ölkəmizdə gənclərə göstərilən diqqət və qayğını necə qiymətləndirirsiniz?
- Mən ilk növbədə bütün Azərbaycan gəncliyini 2 fevral "Gənclər Günü" münasibətilə səmimi qəlbdən təbrik edirəm. Bütün gənclərə həm şəxsi həyatlarında, həm də ümumi ictimai həyatda uğurlar qazanmağı arzu edirəm. Suala gəlincə isə, bu gün ölkəmizdə gənclərə göstərilən diqqət və qayğı nəinki Azərbaycanda, həm də beynəlxalq səviyyədə özünü göstərir. Ölkəmizdə həyata keçirilən gənclər siyasəti artıq bir çox Avropa və dünya ölkələrinə nümunə ola biləcək səviyyəyə gəlib çatıb. Ölkəmizdə gənclərə göstərilən diqqət və qayğı elm, təhsil, dövlətçilik, mədəniyyət, idman və digər sahələrdə özünü göstərir. Bildiyiniz kimi, Milli Elmlər Akademiyasınında Gənc Alimlər Birliyi təsis olunub. Bu onu göstərir ki, dövlət artıq elmin də gəncləşməsində maraqlıdır. Dövlət gənclərin elmi təşəbbüslərini dəstəkləmək üçün mövcud imkanlardan istifadə edir. Bunun nəticəsidir ki, bu gün Azərbaycan gənclər ölkəsi kimi tanınır. Azərbaycanda idmanla bağlı uğurlara nəzər salsaq, qalibiyyət qazananların çoxu məhz gənclərdir. Bu da onun göstərir ki, Azərbaycan gəncliyi sağlam ruha, fiziki möhkəmliyə malikdir. Ümumiyyətlə, gənclər siyasətinin əsas istiqamətlərinə baxsaq, hər il gənclərə ayrılan dövlət vəsaitlərinin artdığını görərik. Bu da onu göstərir ki, ölkə başçısı gənclər sahəsini birbaşa öz nəzarəti altına götürüb.
Regionlarda gənclər mərkəzləri tikilir. Onların bir neçəsi artıq istifadəyə verilib. Gənclər bu mərkəzlərdən öz layihələrini və ya asudə vaxtlarını keçirmək üçün istifadə edirlər. Bu da bizləri çox sevindirir. Bir çox ölkələrə baxsaq görərik ki, gənclərlə bağlı bir çox problemlər var. Ölkə rəhbərliyinin gəncləri idarə edə bilmədiyi cəmiyyətlərə rast gəlmək mümkündür. Lakin bizdə dövlət gənclərin bütün sferalardakı qayğısını həll etmək üçün əlindəki imkanlarından istifadə edir.
- YAP GB " Gənclər Günü" ilə əlaqədar nə kimi işlər görməyi planlaşdırır?
- Bildiyiniz kimi, YAP GB həm mərkəz, həm də regional təşkilatlardan ibarətdir. Hər bir rayonda YAP GB-nin rayon təşkilatları fəaliyyət göstərir ki, bu təşkilatların hər biri 2 fevral "Gənclər Günü" ilə bağlı müxtəlif tədbir, aksiya və layihələr həyata keçirirlər. Bunlarla bərabər, biz də YAP GB olaraq bir çox işlərə başlamışıq. Artıq gənclərlə bir neçə layihəyə start vermişik. Çoxlu sayda gənclər ofisimizə axın etməyə başlayıblar. Hətta deyərdim ki, həmin gənclərlə iş qrafikini bölməkdə çətinliklərimiz də yaranıb. Lakin bu bizə qürur verir. Biz "Gənclər günü" ilə bağlı fevral ayının 1- də Yeni Azərbaycan Partiyasının sədrliyi, hökumət üzvləri və millət vəkillərinin iştirakı ilə böyük tədbir keçirməyi planlaşdırırıq. Tədbirdə YAP GB-nin ötənilki hesabatı təqdim olunacaq. Tədbirdə təşkilat tərəfindən yeniliklər də nəzərdə tutulub. Belə ki, ötən il ölkəmizdə keçirilən prezident seçkilərində Gənclər Birliyinin fəaliyyətində aktivliyi ilə seçilən gənclərə mükafatlar təqdim olunacaq. Bundan əlavə bir çox media orqanları da var ki, onlar YAP GB-nin fəaliyyətinin işıqlandırılmasında seçiliblər. Bu tədbirdə onların da mükafatlandırılması nəzərdə tutulur. Həmçinin tədbirdə birliyin ötən il gördüyü işlərlə bağlı hesabat xarakterli jurnalınının təqdimatı olacaq. Bir il ərzində görülən işlər jurnal şəklində ictimaiyyətə çatdırılacaq. Məqsədimiz ölkədə gənclər siyasəti ilə bağlı həyata keçirilən işlərdə payımıza düşənləri ictimaiyyətə təqdim etməkdir.
Biz sosial şəbəkələr vasitəsilə bir çox gənclərdən birgə layihələr həyata keçirilməsi ilə bağlı təkliflər alırıq. Çalışırıq ki, bu təşəbbüsləri həyata keçirmək üçün əlimizdən gələni edək. Bütün gördüyümüz işlər bizə gənclər siyasətinin mühüm aktyorlarından biri olduğumuzu deməyə əsas verir.
- YAP GB-nin bu il həyata keçirdiyi ilk yenilik "Qış məktəbi"nin Gürcüstanda təşkil olunmasıdır. Bu haqda nə deyə bilərsiniz?
- Bu il "Qış məktəbi" Gürcüstanda təmsil olunub. Sevindirici hal ondan ibarətdir ki, Azərbaycanı orada Yeni Azərbaycan Partiyasının gəncləri təmsil edib. "Qış məktəbi"ndə Gürcüstan və Ermənistan da təmsil olunurdular. Belə ki, orada partiyalar arasında layihə təqdimatında Azərbaycanın təqdim etdiyi layihə birinci yerə layiq görülüb. Burada əsas məsələ bizim maddi baxımdan qələbəmiz deyil, əsas məqsədimiz düşmən ölkə olan Ermənistan gənclərini əzərək qalib olmaq idi. Biz buna nail olduq. Ona görə də gənclərimizə təşəkkür edirik ki, ölkənin adını uca tutublar. Ölkəmiz bütün sahələri ilə Ermənistanı geridə qoyub. Gənclərimizin bu müsabiqədə qalib gəlməsi, bizi daha da sevindirir. Bu, YAP GB-nin gənclərə olan bir hədiyyəsi və töhfəsidir.
Biz fevral ayında Azərbaycan daxilində də "Qış məktəbi" təşkil etməyi planlaşdırırıq. Say məhdudiyyəti olduğundan gənclərin seçimində çətinlik çəkirik. Çünki, bizim işlərimizdə yaxından iştirak edən, yanımızda olan gənclərimizin sayı çoxdur. Amma bütün bu çətinliklərə baxmayaraq, düşünürük ki, "Qış məktəbi" çox gözəl təşkil olunacaq.
- Təşkilatın beynəlxalq əlaqələrində hər hansı bir yenilik gözlənilirmi?
- YAP GB-nin 2013-cü ildə beynəlxalq əlaqələri çox müsbət nəticələnib. Ötən il gənclərimiz bir çox Avropa ölkələrində təşkil olunan tədbirlərdə, yay və qış məktəblərində, konfranslarda iştirak ediblər. Bundan əlavə, ötən il ölkəmizdə keçirilən bir çox beynəlxalq tədbirlərin iştirakçıları ofisimizə ziyarət edib, görüşlər keçiriblər.
Biz bu işləri bu il daha da sürətləndirib, genişləndirmək niyyətindəyik. Yaxın aylarda biz Avropa Parlamentində onlarla birgə tədbir həyata keçirməyi planlaşdırırıq. Moldova, Çin, Qazaxıstan, Türkiyə, Ukrayna və digər ölkələrin hakim partiyalarından bizə dəvətlər var. Hazırda tədbirlərlə bağlı danışıqlar prosesi getdiyindən dəqiq tarix deyə bilmirəm. Bu il təşkilatımız tərəfindən beynəlxalq əlaqələrimizlə bağlı bir çox yeniliklər etməyi də nəzərdə tutmuşuq. Bu yenilik "Yay məktəbi"ni beynəlxalq "Yay məktəbi"nə çevirməkdir. Belə ki, əlaqəmiz olduğu ölkələrin nümayəndələrini ölkəmizə dəvət edib birgə "Yay məktəbi" təşkil etmək niyyətindədiyk. Bu, həm Azərbaycan gəncliyinə, həm qonaqlara, həm də YAP GB-yə müsbət nəticələr verəcək.
- 2014-cü ildə YAP GB-nin fəaliyyət planına nələr daxildir?
- Builki fəaliyyətimizin əsasını Ulu Öndər Heydər Əliyevin ideyalarının, Azərbaycançılıq məfkurəsinin təbliği təşkil edir. YAP GB-nin builki fəaliyyət planına Azərbaycanın tarixi bayramları, matəm günləri ilə bağlı tədbirlərin keçirilməsi daxildir. Həmçinin bu il gəncləri maraqlandıran, onların istək və arzularını nəzərdə tutan layihələr, natiqlik kursları, seminarlar təşkil olunacaq. "İdeyanı bizə paylaş" layihəsi bu il də davam edəcək. Hər il olduğu kimi, fəaliyyətimizin əsasını təşkil edən müxtəlif kurslardır ki, bu il də bununla bağlı işlərimizi davam etdirəcəyik. İngilis, rus dili, İKT ilə bağlı kurslarımız həyata keçiriləcək. Yeniliyimizin biri də ondan ibarət olacaq ki, 2014-cü ildə iqtisadi biliklərin artırılması ilə bağlı da kurslar təşkil olunacaq. Hazırda bunun üzərində işlər gedir. Fəaliyyətimiz planına çoxlu sayda işlər daxildir və çalışacağıq ki, bir il müddətində nəzərdə tutduğumuz işləri yüksək səviyyədə həyata keçirək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB