İtkinlərin xatirələri əbədiləşdirildi

İtkinlərin xatirələri əbədiləşdirildi

Bu gün Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən Şəhidlər Xiyabanında "İnsan Hüquqları XXI-əsr Azərbaycan" Fondunun təşkilatçılığı, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının prezidenti, millət vəkili Elxan Süleymanovun dəstəyi ilə Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsində itkin düşən insanların xatirəsinin əbədiləşdirilməsi məqsədilə qoyulan abidənin açılış mərasimi keçirilib.

Tədbiri giriş sözü ilə açan "İnsan Hüquqları XXI əsr-Azərbaycan" Fondunun sədri Şahin Camalov bildirib ki, təşkilatın əsas fəaliyyət istiqamətlərindən biri müharibədə itkin düşən və ya şəhid olan insanların ailə üzvlərinin hüquqi və psixoloji problemlərinin həllinə yardımçı olmaqdır: "Fondun həyata keçirdiyi "İtkin düşmüş şəxslərin ailələrinin müşayət edilməsi" layihəsinin əsas məqsədi isə itkin düşən şəxslərin ailələrinin psixo-sosial çətinliklərinin azaldılması, onların psixo-sosial sahələrdəki dəstək xidmətlərinə çıxışını təmin edilməsi, peşəkar psixoloq fəaliyyətindən istifadə etməklə ailələrin psixoloji vəziyyətinin analiz olunması və mənəvi dəstəyin verilməsi, səmərəli və pulsuz hüquqi yardımla təmin edilməsi olmuşdur. Məhz bu məqsədlə, 2011-ci ilin yanvar ayından etibarən təşkilatın nəzdində İtkin Düşmüş Şəxslərin Ailələrinin Psixo-Sosial Reabilitasiyası Mərkəzi fəaliyyətə başlayıb. Mərkəz fəaliyyət göstərdiyi müddət ərzində Bakı şəhərinin 4 rayonunu əhatə etmiş, ümümilikdə 500-ə yaxın itkin düşmüş şəxsin ailəsinə psixo-sosial sahədə dəstək göstərilib. Qeyd edək ki, layihədə nəzərdə tutulan fəaliyyətlərdən biri də, həmin ailələrin cəmiyyətə yenidən uyğunlaşmasını təmin etmək üçün onlarla qrup görüşlərinin keçirilməsi olub. Həmin qrup görüşləri zamanı ailələrin əsas istəkləri öz ailə üzvlərinin xatirəsinin əbədiləşdirilməsi olub".

Fond layihənin gerçəkləşməsində gostərdiyi diqqətə görə, Şamaxıdan olan millət vəkili Elxan Süleymanova öz təşəkkürünü bildirib.

Tədbirdə Milli Məclis üzvləri Elxan Süleymanov və Fazil Mustafa, Sabunçu RİH başçısının müavini Qəzənfər Həsənov, Bakıxanov Bələdiyyəsinin sədri Nadir Əsədov və itkin düşmüş şəxslərin ailə üzvləri çıxış ediblər.

Qeyd edək ki, "İnsan Hüquqları XXI əsr- Azərbaycan" Fondu 2004-cü ildə fəaliyyətə başlayıb. Təşkilatın əsas məqsədi Azərbaycanda insan hüquqlarının müdafiə və təmin edilməsi, pozulmuş hüquqların bərpası, həmçinin bu sahədə maarifləndirilmə işlərinin aparılmasından ibarətdir.

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə