"Cəbhə xəttində atəşkəsi pozmaq ermənilərin gündəlik planlarında yer alır" Münasibət

"Cəbhə xəttində atəşkəsi pozmaq ermənilərin gündəlik planlarında yer alır" Münasibət

"Ermənistan Azərbaycan torpaqlarını işğal etdikdən sonra bu torpaqları özünə birləşdirmək və müxtəlif yollarla ölkəmizə təzyiq etmək üçün hər zaman müxtəlif variantlara əl atır. Cəbhə xətində atəşkəsi pozmaq, dinc sakinləri atəşə tutmaq onların gündəlik planlarında yer alan məsələlərdəndir. Bütün bu kimi cılız siyasətlər isə Ermənistanın zəifləməsinə, eləcə də həmin dövlətin həm ölkə daxilində, həm də xaricdə bir sıra problemlərinin yaranmasına gətirib çıxarır". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin sədr müavini Aydın Mirzəzadə son günlər ermənilərin təmas xəttində atəşkəsi dəfələrlə pozması və bu addımların arxasında hansı planların olmasından danışarkən deyib.

Onun sözlərinə görə, Ermənistan tərəfi vaxtaşırı olaraq cəmiyyətin diqqətini cəbhə xəttində baş verən atışmalara cəlb etmək istəyirlər: "Dünən baş berən insidentə gəlincə isə bu, Ermənistan tərəfindən qəsdən törədilən və məqsədli sürətdə diqqəti daxili problemlərdən yayındırmağa, eləcə də Azərbaycanın ərazi bütövlüyü məsələsini müzakirədən kənarlaşdırmaqdan ibarətdir. Ermənistan hakimiyyətinin bu hərəkəti həmin dövlətdə ciddi addım kimi qəbul edilmir. Əgər Ermənistan bu hərəkətlərlə Azərbaycana təzyiq göstərmək istəyirsə, o zaman çox ciddi şəkildə yanıldıqlarını demək elə də çətin deyil. Azərbaycan bu gün öz inkişafında artıq hər hansı bir təzyiqə məruz qalmayan ölkələr sırasındadır. Bu səbəbdən Ermənistanın hər hansı bir təzyiq formasından istifadəsi qeyri-mümkün məsələdir".

Sədr müavini onu da qeyd edib ki, köhnəlmiş silahlarla silahlanan və ordusunda ciddi problemləri olan Ermənistan rəsmilərinin Azərbaycanı hədələməsi sadəcə görüntü yaratmaq məqsədi daşıyır: "Bununla yanaşı, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ordusunun mövqelərini yoxlamaq cəhdləri də heç bir nəticə verməyəcək. Bu gün Azərbaycan ordusu kifayət qədər ciddi şəkildə silahlanıb. Eyni zamanda, ordumuz peşəkar zabitlərlə formalaşdırılıb və ordu öz torpaqlarını işğaldan azad etmək üçün hər an hərbi əməliyyatlara hazırdır".

Komitənin digər üzvü Zahid Oruc da məsələ ilə bağlı fikirlərini bildirib. Onun sözlərinə görə, atəşkəs rejiminin pozulmasının mütəmadi xarakter daşımasının bir çox səbəbləri var: "İlk səbəb odur ki, həmin ərazidə yaşayan insanları gərgin vəziyyətdə saxlamaq, onları təsərrüfat həyatından uzaqlaşdırmaq, eləcə də Azərbaycanı beynəlxalq aləmə qeyri-stabil ölkə kimi təqdim etmək niyyəti daşıyır".

"Erməni mətbuatı dəfələrlə bu kimi məsələlərdən narahatlıqlarını bildirərək yazırlar ki, onlar özləri qəsdən atəşkəs rejimini pozurlar ki, qarşı tərəf atəş açsın. Beləliklə, bu atışma prosesində də müəyyən sayda silahlar xərclənsin, əvəzində isə böyük mənfəət götürülsün. Danılmaz faktdır ki, ermənilər xarici nümayəndələrin ölkəmizə gəlməsi, eləcə də ATƏT-in həmsədrlərinin regiona səfəri zamanı tez-tez atəşkəs rejimini pozurlar. Misal olaraq, ABŞ-ın keçmiş dövlət katibi Hillari Klintonun Azərbaycana səfəri zamanı daha kütləvi formada atəşkəsin pozulması müşahidə olunmuşdu. Şübhəsiz ki, bütün bunların hamısı xarici qüvvələrin sifarişi ilə təşkil edilən təxribat idi. Rusiyanın Hərbi Sənayə Kompleksi Amerika nümayəndələrinə həmin ərazilərin ağasının kim olduğu ilə bağlı açıq mesaj verirdi" – deyə, millət vəkili fikirlərinə əlavə edib.

Zahid Oruc onu da qeyd edib ki, ortada qoruyucu qüvvələr olmadığı halda, atəşkəsin mütəmadi şəkildə pozulması adət halını alacaq.

Qeyd edək ki, yanvarın 20-də Ermənistan Respublikasının kütləvi informasiya vasitələri Dağlıq Qarabağ ərazisində guya Azərbaycan Silahlı Qüvvələrinin diversiya qrupunun qoşunların təmas xəttində atəşkəsi pozaraq təxribat törətməsi və erməni bölmələrinin itkilər verməsi barədə xəbərlər yayıblar. Ermənistan ordusundakı itkilər hərbi hissələrdəki nizam-intizamın aşağı səviyyədə olması, zabitlərlə əsgərlər, həmçinin Ermənistandan çağırılan əsgərlərlə Dağlıq Qarabağ erməniləri arasında qarşılıqlı münasibətlərin kobud surətdə pozulması nəticəsində baş verir.

Müdafiə Nazirliyi isə rəsmi olaraq bildirib ki, qoşunların təmas xəttində hər hansı bir insident qeydə alınmayıb, Ermənistan mətbuatında yayılan məlumatlar dezinformasiya və təxribat xarakteri daşıyır.

Bununla yanaşı, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttindəki gərginlikdən narahatdır. Belə ki, amerikalı həmsədr öz şəxsi Twitter səhifəsində bildirib ki, təmas xəttində zorakılıq və gərginlik münaqişənin danışıqlar yolu ilə nizamlanması üzrə səylərə mənfi təsir edir.

Bütün xəbərlər Facebook səhifəmizdə