Astanada 20 Yanvar faciəsinin 24-cü ildönümü ilə əlaqədar anım mərasimi keçirilib

Astanada 20 Yanvar faciəsinin 24-cü ildönümü ilə əlaqədar anım mərasimi keçirilib

Azərbaycan Respublikasının Qazaxıstandakı səfirliyi yanvarın 20-də L. Qumilyov adına Qazaxıstan Avrasiya Milli Universitetində şəhidlərin xatirəsinə həsr edilən anım mərasimi keçirilib. SİA-nın məlumatına görə, tədbirdə ictimai-siyasi xadimlər, qeyri-hökümət təşkilatının nümayəndələri və diasporumuzun fəalları iştirak ediblər.

Əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, "Qurani-Kərim"dən surə oxunub.

Mərasimdə çıxış edən səfirliyin müşaviri Şahin Əhmədov xalqımızın tarixində ən qanlı səhifələrdən biri olan 20 Yanvar faciəsinin səbəb və nəticələrindən danışıb. Keçmiş SSRİ-nin süqutu ərəfəsində respublikamıza rəhbərlik edən şəxslərin xalqımızın azadlıq arzularına qarşı çıxdıqlarını diqqətə çatdıran diplomat deyib ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək bu hərbi cinayətə kəskin etirazını bildirib, günahkarların cəzalandırılmasını tələb edib.

Diplomat bildirib ki, yalnız Ulu Öndər Heydər Əliyevin Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdışından sonra 20 Yanvar faciəsini törədənlərin adları rəsmi şəkildə açıqlanmış, hadisə öz hüquqi-siyasi qiymətini alınıb.

Şahin Əhmədov Vətənin azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsinin hər zaman uca tutulacağını və bu faciənin günahkarlarının cəzalandırılacağına əmin olduğunu vurğulayıb.

Qazaxıstan Azərbaycanlıları Mədəni Mərkəzləri İttifaqının sədri Vidadi Salahov Qanlı Yanvar faciəsi qurbanlarının xatirəsinin hər kəs üçün əziz olduğunu qeyd edərək deyib: "Mən 20 Yanvarı Azərbaycan xalqının faciə günü deyil, məhz qəhrəmanlıq günü adlandırıram. Çünki xalq qalib gəldi və müstəqillik qazandı. Buna görə də şəhidlər qarşısında baş əyir və düşünürəm ki, gənc nəsil bu qəhrəmanlıq haqda daha ətraflı məlumatlandırılmalıdır.

"Nur-Otan" partiyasının üzvü akademik Kazbek Kazkenov 20 Yanvar faciəsinin Azərbaycan xalqının müstəqillik uğrunda mübarizə tarixinin ən şərəfli səhifəsi olduğunu bildirib.

Akademik qeyd edib ki, bu yöndə təbliğatı daha da gücləndirmək lazımdır.

Qazaxıstanın birinci prezidentinin muzeyinin direktor müavini Botaqöz Nainova söz alaraq deyb: "Qanlı Yanvar haqqında qəzet və kitablardan oxumuşuq. Mən bu ağrılı günlərdən mərdliklə çıxdığına görə Azərbaycan xalqına minnətdaram. Bakıda olduğum zaman Şəhidlər Xiyabanını ziyarət edərkən cavan oğlan və qızların məzarları önündən keçdikcə ürəyim parçalanırdı. Şəhidlər müstəqilliyin təməlini qoyub. Heydər Əliyevin səyləri nəticəsində faciə siyasi-hüquqi qiymətini almışdır. Bütün maneələrə baxmayaraq Heydər Əliyev baş verənləri dünya ictimaiyyətinə çatdırmağa nail oldu.

Daha sonra mərasimdə Qazaxıstan Azərbaycan Assosiasiyasının prezidenti Asxat Şükürov, "Heydərçi Gənclər" təşkilatının sədri Bəhruz Axundov çıxış edərək şəhidlərin müstəqillik uğrunda canlarından keçdiklərini vurğulayib, Azərbaycan dövlətçiliyinin daim qorunacağına, Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll ediləcəyinə əmin olduqlarını bildiriblər.

Sonda 20 Yanvar hadisələrinin dəhşətlərini əks etdirən fotoşəkillər və sənədli film nümayiş olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə