Hikmət Babaoğlu: “Ermənistanın uzun illərdir apardığı kampaniya iflasa uğrayıb” MÜSAHİBƏ

“Ermənistan istər beynəlxalq təşkilatlarda, istər dünya ictimaiyyəti rəyində günü-gündən nüfuzunu itirməkdədir”
Hikmət Babaoğlu: “Ermənistanın uzun illərdir apardığı kampaniya iflasa uğrayıb” MÜSAHİBƏ

"Yeni Azərbaycan" qəzetinin baş redaktoru, politoloq Hikmət Babaoğlunun SƏS TV-yə müsahibəsi:

- Hikmət müəllim, bildiyiniz kimi Azərbaycan Prezidenti İlham Əliyev Brüssel səfəri çərçivəsində həm Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filip Lefortla, həm də NATO-nun baş katibi Rasmussenlə görüşü oldu. Siz Azərbaycanla Aİ arasındakı mövcud münasibətləri necə qiymətləndirirsiniz?

- Azərbaycanın xarici siyasət prioritetlərindən biri də Qərbə inteqrasiyadır. Azərbaycan iqtisadi, hümanitar, mədəni eləcə də demokratiya və insan hüquqları sahəsində uzun müddətdir ki, Avropa institutları ilə qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq edir. Ölkəmizin təkcə sivil institutlarla deyil, eyni zamanda müxtəlif ixtisaslaşmış təşkilatlarla da əməkdaşlığı mövcuddur. Təbii ki, belə hərbi siyasi təşkilatlardan biri də NATO-dur. Biz bilirik ki, NATO uzun müddət fəaliyyət göstərən hərbi-siyasi blok olmasına baxmayaraq, bu gün daha çox hərbi güc kimi deyil, onun fəaliyyəti yumşaq güc kimi səciyyələndirilir. Beləcə o, bu və ya digər sahələri əhatə edir. Bu mənada Azərbaycanın təhlükəsizlik sferasında əməkdaşlıq etdiyi ən böyük hərbi siyasi qurumlardan biri NATO-dur. Azərbaycan Prezidenti İlham Əliyevin Brüsselə səfəri və orada NATO ilə tərəfdaşlığımızı strateji tərəfdaşlıq kimi səciyyələndirməsi hesab edirik ki, ölkəmizin bu təşkilatla əməkdaşlığının göstəricilərindən biri idi. Bu gün Azərbaycan iqtisadi, siyasi eləcə də hərbi baxımından günü-gündən güclənməkdədir. Məhz ona görə də bu gün ölkəmiz ekspertlər tərəfindən regional aktor kimi deyil, dünyada baş verən proseslərdə mühüm rol oynayan qlobal aktor kimi qiymətləndirilir. Azərbaycanın beynəlxalq münasibətlərdə günü-gündən artan nüfuzu, iki il ərzindən BMT TŞ-ya qeyri-daimi üzv kimi rəhbərlik etməsi, dünyada mövcud olan və maraqların toqquşduğu bir sıra ərazilərdə ölkəmizin öz mövqeyinin olması, BMT TŞ-ya sədrlik etdiyi zaman ən aktual problemləri BMT-nin gündəliyinə çıxarmaqla bu məsələlərin müzakirəsinə çalışması və s. dövlətimizin beynəlxalq miqyasında nüfuzunun nə qədər yüksək olmasından xəbər verir. Bu mənada hesab edirəm ki, NATO ilə tərəfdaşlıq da məhz Azərbaycanın beynəlxalq münasibətlərdə aktiv fəaliyyətinin bir təzahürü kimi ortaya çıxır. Amma əksər hallarda bütün beynəlxalq təşkilatlarla, normal dövlətlərarası münasibətlərdə, Azərbaycanın prioritet kimi önə sürdüyü ən əsas məsələ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllidir. Brüssel səfərində də cənab İlham Əliyev xüsusi olaraq bu məsələyə toxundu. Dövlət başçısı qeyd etdi ki, regionda və dünyada baş verən gerçəkliyi Ermənistan nə qədər tez dərk edərsə, bir o qədər Dağlıq Qarabağ münaqişəsi öz həllini tapar. Bu əslində bir çağırış idi. Eləcə də bu, Azərbaycanın nə qədər güclü olduğunu işğalçı ölkə tərəfindən daha tez anlaşılması üçün ismarıc idi. İqtisadi, siyasi hərbi baxımından güclənən Azərbaycanın qarşısında tab gətirmək, onun torpağının 20 fazini işğal altında saxlamaq Ermənistan üçün mümkün olan məsələ deyil. Azərbaycanın həyata keçirdiyi hücum diplomatiyası sayəsində beynəlxalq ictimai rəydə də həqiqətlərin dərk edilməsi, Ermənistanın işğalçı ölkə kimi tanıdılmasına və onun zəifləməsinə gətirib çıxarır.

- Ermənistanın kütləvi informasiya vasitələri Dağlıq Qarabağ ərazisində guya Azərbaycan Silahlı Qüvvələrinin diversiya qrupunun qoşunların təmas xəttində atəşkəsi pozaraq təxribat törətməsi və erməni bölmələrinin itkilər verməsi barədə xəbərlər yayıblar. Ümumiyyətlə, Ermənistan mətbuatında yayılan bu cür dezinformasiya və təxribat xarakteri məlumatların arxasında sizcə, nələr dayanır?

- Ümumiyyətlə, Ermənistanın xarici siyasəti yalan üzərində qurulub və monipulyasiyaya əsaslanır. Təbii ki, bu cür dezinformasiyaların yayılması da klassik erməni xarakteridir. İşğalçı ölkə istər beynəlxalq təşkilatlarda, istər dünya ictimaiyyəti rəyində günü-gündən nüfuzunu itirməkdədir. Beləcə, işğalçı ölkə güclənən Azərbaycanın qarşısında daha aciz vəziyyətə düşür. Belə olan halda isə işğalçı ölkə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllini istəmir. Bu zaman danışıqlarda əlavə dəstək əldə etmək üçün istər dünya ictimai rəyinə, istər transmilli mediaya və istərsə də danışıqlar prosesində iştirak edəcək tərəflərə monipulyativ – yalançı informasiya təqdim etməklə bir növ özünü sığortalamağa çalışır. Təbii ki, bu, baş tutmayacaq. Çünki Azərbaycanın həyata keçirdiyi düşünülmüş siyasət nəticəsində bu gün Ermənistanın uzun illərdir apardığı kampaniya iflasa uğrayıb. Hətta bu yaxınlarda erməni müxalifəti və işğalçı ölkənin keçmiş xarici işlər naziri etiraf edib ki, biz informasiya mübarizəsində artıq Azərbaycana uduzmuşuq. Beləcə biz hesab edirik ki, bu, obyektiv gerçəkliyin səmimi etirafı idi. Onlar bir şeyi undurlar ki, adı çəkilən ərazilər (Ağdam, Xocavənd) Azərbaycan Respublikasının əraziləridir. Bu məsələyə bir qədər məntiqli yanaşdıqda isə bu informasiyanın özü belə ironiya yaradır.

- Son olaraq diqqətinizi Azərbaycanda müxalifətdaxili qarşıdurmalara çəkmək istərdim. Artıq "Milli Şura" daxilində Koordinasiya şurası yaradıb. Onlar hesab edirlər ki, bununla hər şey qaydasına düşə bilər.

- Azərbaycan müxalifəti 1993-cü ildən bu günə qədər özlərinə müxtəlif adları qoymaqla məşğuldur. Amma onlar bir şeyi dərk etmirlər ki, adları dəyişməklə mahiyyəti dəyişmək olmaz. Necə ki, "toplananların yerini dəyişdikdə cəm dəyişmir". Tutaq ki, müxalif düşərgədə bəlli sayda insanlar var. Bu insanları nə qədər bölsən, parçalasan və sonradan yenidən birləşdirsən də mahiyyət və məzmun dəyişməyəcək. Bununla da onların ölkəmizdə baş verən siyasi proseslərə təsir imkanları artmayacaq. Bu mənada hesab edirəm ki, bu gün olmayan "Milli Şura"nın "Koordinasiya şura"sının yaradılması axı nə deməkdir? Bu sadəcə olaraq addan ad çıxarmağa hesablanıb. Bu, süni şəkildə olmayan bir qurumu ayaqüstdə tutmaqdır. Müxalifət bununla ölkənin siyasi gündəliyi ilə monipulyasiya etməyə çalışır. Bu gün Azərbaycanda siyasi sistemin güclənməsi və siyasi maariflənmənin baş verməsi üçün prioritet məsələlər olduğu halda müxalifətin qısır, siyasi proseslərlə məşğul olması onların həm özünə, həm də ölkəmizin siyasi sisteminə ziyan vurur. Artıq uzun illərdir ki, radikal müxalifət düşərgəsi adlandırdığımız bu düşərgədə baş verən proseslər Azərbaycan siyasi sitemindən sanki kənarda baş verir. Çünki bu radikal qruplar Azərbaycanın siyasi sisteminin autsayderləridir. Onların ölkəmizdə baş verən siyasi proseslərə real təsir imkanları yoxdur, eləcə də ənənəvi müxalifət obyektiv siyasi təhlil apara və ətraflarına siyasi elektrat toplaya bilmir.

Bütün xəbərlər Facebook səhifəmizdə