Mirzə Sakit: “AXCP-nin tutduğu "zad"ın adı mövqe deyil”

Mirzə Sakit: “AXCP-nin tutduğu "zad"ın adı mövqe deyil”

Keçmiş AXCP üzvü, satirik yazar Mirzə Sakit yenidn Milli Şuranı tənqid edən çıxış edib. SİA-nın məlumatına görə, AXCP-Müsavat qarşıdurmasına da münasibət bildirən satirik yazar cəbhəçilərin atdığı adımlarını mövqe hesab etmədiyini deyib: "Bu məsələdə AXCP-nin tutduğu "zad"ın adı mövqe deyil. Bunun adı 2015-ci ilə qədər "başgirləmə" adlanır. O partiyadakı sıravi insanların da illər ərzində çəkdikləri zəhməti "başgirləmə"yə qurban vermək böyük günahdır".

Cəmil Həsənlinin "Yeni Müsavat" qəzetini dağıdıcılıqda günahlandırmasına da münasibətini bildirən Mirzə Sakit bu iddiaya ironiya ilə yanaşıb: "Əgər bir qəzet ki, Milli Şuranın dağılmasının öhdəsindən gəlirsə, halal olsun o qəzetə. Əgər özlərinin dediyi kimi, güclü Milli Şura bir qəzetdə yazılan xanələrin zərbəsindən dağılırsa, yenə də "bərəkallah" o quruma. Bir də ki, qələmin gücünü dərk etməyən və qələmdən çəkinməyən siyasətçi dərhal siyasətdən uzaqlaşmalıdır".

"Milli Şuranın heç bir fəaliyyət dövrü olmayıb"-deyə qeyd edən yazar qurumun bundan sonra da fəaliyyət göstərməyəcəyi qənaətində olduğunu sərgiləyib: "Seçki ərəfəsində və seçkidən sonra keçirilən mitinqlərin Milli Şuraya aidiyyəti yoxdur. Milli Şura olmadan da o mitinqlər keçirilirdi. Milli Şura seçkini "yola vermək" üçün yaradılan bir qurum idi. Namaz qılan insanlara deyin ki, müsəlmançılıqdır, heç olmasa dini ayinlərin icrası xətrinə Milli Şuraya bir "Yasin" oxusunlar. Belə olmaz, əzizlərim."

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə