Elman Nəsirov: “Cenevrə-2 konfransı "kartof"un qəzəbinə gəlməsə yaxşıdır...” AÇIQLAMA
"Yanvarın 13-də ABŞ-ın Parisdəki səfirliyində Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ-lı həmkarı Con Kerri Suriya böhranı ilə bağlı Cenevrə-2 konfransına hazırlıqla əlaqədar görüş keçirdilər. Olduqca mürəkkəb bir problemin həlli ilə bağlı görüşün başlanğıcında Con Kerri gözlənilmədən Sergey Lavrova böyük bir qutunun içindən 2 nəhəng kartof çıxardıb hədiyyə edib. Bu hadisə hər iki tərəfdən xoş ovqatla qarşılansa da, bu jestin arxasında hansı mənanın dayandığı ilə bağlı müxtəlif rəylər irəli sürülməkdədir". Bunu SİA-ya politoloq Elman Nəsirov deyib.
Onun sözlərinə görə, ilk izahı elə bu qəribə jestin müəllifi Con Kerri irəli sürdü: "O deyib ki, yeni il tətili zamanı Sergey Lavrovla telefon söhbəti zamanı zarafatla kartof haqqında da danışdıq və həmkarıma dedim ki, o ştatda nəhəng kartoflar yetişir. O isə cavabında dedi ki, Şərqi Avropa ölkələrinin mətbəxtində kartofun xüsusi yeri var. Deməli, hiss etdim ki, Lavrov da kartofu sevir. Elə bu səbəbdən də məhz kartofu hədiyyə gətirdim".
E.Nəsirov bildirib ki, Sergey Lavrovun isə bu məsələyə mövqeyi belədir: "Bu hədiyyə ABŞ tərəfdən "qamçı və qoğal " siyasətinə işarədir. İngilis versiyasında onu "çomaq və yerkökü" siyasəti adlandırırlar. Burada yerkökü, sadəcə kartof ilə əvəz olunub".
Professor hesab edir ki, digər müstəqil versiyaya görə, Con Kerri irland olduğundan mənsub olduğu xalqın yeni illə bağlı ənənəsini Sergey Lavrova tətbiq edib: "İrland ənənəsinə görə, il ərzində özünü pis aparan uşaqlara yeni il günündə ayaqqabılarına qoyulmuş 2 kartofu hədiyyə edirlər. Bu baxımdan Rusiyanın Suriya məsələsində özünü pis apardığına işarə də ola bilər. Bəzi skeptiklər bu hadisəyə Cenevrə-2 danışıqları ərəfəsində mənfi hal kimi də yanaşırlar. Məsələn, bu yaxınlarda Zambiyada muxalifət lideri ölkə prezidentini kartof adlandırdığından həbs edilib. 2006-cı ildə Polşa ilə Almaniya arasında əsl "kartof müharibəsi" yaşandı. Səbəbi onunla bağlı idi ki, almaniyalı jurnalist Polşanın mərhum prezidenti Lex Kaçinskini kartofa bənzətmişdi... Deməli, kartof məsələsi, əslində çox qəliz məsələdir. 22 yanvarda baş tutacağı gözlənilən Cenevrə-2 konfransı "kartof"un qəzəbinə gəlməsə yaxşıdır...".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB