""Milli Şura"nın daxilində gedən proseslər təbii proseslərdir və burada gözlənilməz heç bir hadisə yoxdur". Bu sözləri SİA-ya Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, millət vəkili Musa Quliyev "Milli Şura" daxilində gedən proseslərə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, birliyi yaradanların özləri siyasətdə uğursuzluq qazanan insanlardır: "Qurum yaranan gündən biz söyləmişdik ki, onun ömrü qısa olacaq. "Milli Şura" heç bir əhəmiyyətə malik olmayan bir birlikdir. Onu yaradanların özləri siyasətdə uğursuzluq qazanan insanlardır. Əgər birlik daxilində olanlar insan kimi bir-birilərinə inanmırlarsa, onlar necə birləşə bilərlər? Hələ üstəlik ölkənin müxalifətini idarə etmək istəyirlər. Onların bu iddaları mənasızdır".
Radikal müxalifəti buqəlamuna bənzədən millət vəkili vurğulayıb ki, topluma daxil olanlar buqələmun kimi tez-tez rəngini və ya donunu dəyişməklə nəyəsə nail olmağa çalışırlar: "Buqələmun tanınmasın deyə köhnə donunu tez-tez dəyişir. Müxalifət də ona bənzəyir. Radikal müxalifət seçkidən-seçkiyə birliklər yaradıb həmin birliklərin çətiri altında cildlənməyə çalışır. Onlar fəaliyyətlərini xarici qüvvələrdən qrant almaqla bitmiş hesab edirlər. Vaxtilə "DemKonqres", "Azadlıq", "Qarabağ", "İctimai Palata" kimi bloklar yaratmışdılar. Onların hamısının nəticəsi "Milli Şura" kimi oldu. Bütün bunlar oyunbazlıqdan baş bir sey deyil".
M.Quliyevin sözlərinə görə, radikal müxalifətin siyasi fəaliyyətləri öz qəzetlərində, mətbu orqanlarında yazılanlardan və hərdən bir keçirdikləri mənasız toplantılardan başqa bir şey deyil: "Bu insanların Azərbaycan müxalifəti üçün yeganə müsbət xidmətləri ondan ibarət olardi ki, onlar siyasətdən çıxıb getsinlər. Yerlərini sağlam düşüncəli cavanlara versinlər. Hansı ki, həmin cavanlar fəaliyət və mübarizələrini sivil qaydalarda həyata keçirər, dünyanın hər yerində olduğu kimi bizdə də normal iqtdar-müxalifət münasibətləri qurula bilər. Yeni Azərbaycan Partiyası digər müxalifət partiyalarla münasibətlərini qurub və onların rəhbərlərinin bir qismi də Milli Məclisdə təmsil olunurlar. Onlarla sivil qaydada debatlar həyata keçirir, irad və iddialarımızı bildirir, fikir mübadiləsi aparırıq. Parlamentdən kənarda siyasi mübarizə aparmaq küçə mübarizəsidir və bunun heç bir mənası da yoxdur. Əgər radikal müxalifət bunu indiyə qədər dərk etməyibsə, bundan sonra da dərk etmələri mümkün deyil. Həyat onların nəyə qadir olduqlarını sübuta yetirib. Onlar Azərbaycan tarixinin ən tozlu, torpaqlı güşəsindədirlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB