ATƏT-in yeni sədri Cənubi Qafqazda dialoq və etimad quruculuğu kimi məsələləri diqqətdə saxlayacaq

ATƏT-in yeni sədri Cənubi Qafqazda dialoq və etimad quruculuğu kimi məsələləri diqqətdə saxlayacaq

Vyanada ATƏT-in Daimi Şurasının xüsusi iclasında təşkilatın fəaliyyətdə olan sədri, İsveçrənin Xarici İşlər üzrə Federal Departamentinin rəhbəri Didye Burkhalter çıxış edib. Azərbaycanın ATƏT yanında daimi nümayəndəliyindən bildiriblər ki, D.Burkhalter ATƏT-ə sədrlik edəcək dövrdə ölkəsi üçün prioritet təşkil edən məsələlər sırasına təhlükəsizlik və sabitliyin təşviqi, o cümlədən Qərbi Balkan regionunda əməkdaşlıq və barışıq, Cənubi Qafqazda dialoq və etimad quruculuğu kimi məsələlərin daxil olduğunu vurğulayıblar.

ATƏT məkanında dondurulmuş münaqişələr məsələsinə də toxunan D.Burkhalter, bu münaqişələrin ədalətli və davamlı həllinin vacibliyini və bu istiqamətdə səylər göstəriləcəyini vurğulayıb.

D.Burkhalter son zamanlar Azərbaycan və Ermənistanın yüksək səviyyəli rəsmiləri arasında görüşlərin intensivləşdiyini qeyd edib, eyni zamanda qoşunların təmas xəttində baş verən insidentlərin narahatlıq doğurduğunu bildirib.

Sülhün əldə olunmasının uzun və çətin proses olduğunu anladıqlarını deyən D.Burkhalter, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi üzrə fəaliyyətdə olan sədrin şəxsi nümayəndəsi vasitəsilə münaqişənin həlli istiqamətində ATƏT-in Minsk qrupunun səylərini dəstəkləyəcəklərini qeyd edib.

Didye Burkhalter İsveçrənin prioritetləri sırasında, həmçinin, iştirakçı dövlətlər tərəfindən insan hüquqlarının müdafiəsi, insan alverinə qarşı mübarizə, təbii fəlakətlərin və fəlakət risklərinin effektiv idarə olunması, terrorizm, narkotiklərin qeyri-qanuni dövriyyəsi kimi transmilli təhdidlərə qarşı mübarizə, vətəndaş cəmiyyətinin, o cümlədən gənclərin dialoqa cəlb olunması kimi məsələləri də qeyd edib.

İsveçrənin quruma sədrliyi 31 dekabr tarixinə qədər davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə