Milli Şuranın sessiyasında narazılıq yarandı ƏLAVƏ OLUNUB

Milli Şuranın sessiyasında narazılıq yarandı ƏLAVƏ OLUNUB

Müsavat Partiyasından heç bir funksioner Milli Şuranın sessiyasına qatılmayıb. SİA-nın məlumatına görə, sessiyada Müsavat Partiyasının nümayəndələrinin iştirakı gözlənilsə də, onlar tədbirə gəlməyiblər. İclasda Müsavat Partiyasının Milli Şuradan çıxması barədə qərarının müzakirəsi də gözlənilir.

"El" Hərəkatının Ali Məclisinin sədri Eldəniz Quliyev Rüstəm İbrahimbəyovun fəxri sədrliyinin gündəmə gətirilməsini təklif edib, eyni zamanda, o, Milli Şura daxilində qarşıdurmaları dayandırmağa çağırıb.

Şura üzvü Mehriban Vəzir R.İbrahimbəyovun fəxri sədr seçilməsi məsələsinə etiraz edib. Onun sözlərinə görə, bu məsələnin müzakirəyə çıxarılması qurum daxilində yenidən qarışıqlıq yaradacaq.

Milli Şuranın sədri Cəmil Həsənli də təklif edib ki, yenidən R.İbrahimbəyov məsələsini gündəmə gətirmək doğru deyil: "Çünki Rüstəm İbrahimbəyov Milli Şuradakı daxili münaqişələri nəzərə alaraq fəxri sədrlikdən imtina edib və Milli Şura da öz qərarını verib".

Sessiyada çıxış edən Azad Demokratlar Partiyasının Təşkilat Komitəsinin sədri, Milli Şuranın üzvü Sülhəddin Əkbər bildirib ki, Milli Şurada heç kim siyasi dominantlığa cəhd göstərməməlidir, təşkilatda daxili balans qorunmalıdır. Şurada struktur islahatları aparılmalı, Milli Şurada təmsil olunan qurumlardan yeni üzvlərin qəbulu dayandırılmalıdır.

Qeyd edək ki, Milli Şuranın sessiyasına "El" Hərəkatının sədri Eldar Namazov da qatılmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə