Rasmussen: "Azərbaycan Qafqazda sülh və sabitlik üçün həyati əhəmiyyət kəsb edən ölkədir"
"Bu gün keçirdiyimiz görüş NATO-nun və Sizin tərəfdaşlığımıza olan sadiqliyinizi əks etdirir. Bu, o deməkdir ki, biz Cənubi Qafqaz regionuna sadiqik və sadiq qalacağıq". Bunu NATO-nun baş katibi Anders Foq Rasmussen Prezident İlham Əliyevlə keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Azərbaycan Avropanın enerji təhlükəsizliyi, Qafqazda isə sülh və sabitlik üçün həyati əhəmiyyət kəsb edən ölkədir: "Eyni zamanda, Azərbaycan NATO üçün vacib və əhəmiyyətli tərəfdaşdır. Biz qoşunlarınızın Əfqanıstanda aparılan əməliyyatlara verdiyi qətiyyətli dəstəyə görə minnətdarıq. Biz, həmçinin NATO-nun əməliyyatlarına hava məkanından istifadə və tranzit marşrutları formasında verilən siyasi dəstəyə görə təşəkkür edirik. Nəhayət, Əfqanıstanın təhlükəsizlik qüvvələrinin təlimlərinə verdiyiniz xeyirxah dəstəyinizə görə də "Çox sağ olun" deyirik.
Cənab Prezident, 2014-cü ildən sonra əfqan təhlükəsizlik qüvvələri üçün təlim keçirmək, məsləhətlər vermək və yardım etmək kimi Əfqanıstandakı yeni missiyamıza verəcəyiniz davamlı dəstəyə görə minnətdaram. Bu, Sizin Avratlantik təhlükəsizliyin dəstəklənməsinə açıq şəkildə sadiq olduğunuzu göstərir.
Bu gün biz NATO ilə Azərbaycan arasında əməkdaşlığın daha da inkişaf etdirilməsini müzakirə etdik. Biz siyasi dialoqumuzu, o cümlədən enerji təhlükəsizliyi və terrorçuluğa qarşı mübarizə kimi strateji məsələlərin müzakirəsini möhkəmləndirmək əzmindəyik. İslahatların davam etdirilməsi, həmçinin Azərbaycan üçün əhəmiyyətlidir. NATO Sizə yardımı davam etdirəcəkdir. İnanıram ki, biz tərəfdaşlığımızın bir çox sahələri üzrə dialoqumuzu və əməkdaşlığımızı dərinləşdirə bilərik.
Bu ay biz "Sülh naminə tərəfdaşlıq" Proqramımızın iyirminci ildönümünü qeyd edirik. Sülh naminə tərəfdaşlığımız demokratik dəyərlərə və prinsiplərə sadiqliyə əsaslanır. Azərbaycan əvvəldən bu proqramın güclü tərəfdarı olub.
Cənab Prezident, bizim dialoq və əməkdaşlıq üçün möhkəm çərçivəmiz vardır. Bu gün biz möhkəm və uzunmüddətli tərəfdaşlığımızı davam etdirmək barədə razılığa gəldik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB