Vüqar Rəhimzadə: "Ölkəsini inkişafa, tərəqqiyə aparan liderə beynəlxalq dəstək təbiidir"

Vüqar Rəhimzadə: "Ölkəsini inkişafa, tərəqqiyə aparan liderə beynəlxalq dəstək təbiidir"

YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru, Əməkdar jurnalist Vüqar Rəhimzadə SİA-nın sualını cavablandırır

- Vüqar müəllim, Pakistanın nüfuzlu "Pakistan Observer" qəzeti ölkə Prezidenti İlham Əliyevi "2013-cü ilin adamı" elan edib. Cənab İlham Əliyevin dünya liderlərinə nümunə göstərilməsi daha hansı önəmli xüsusiyyətləri əks etdirir?

- Öncə möhtərəm Prezident cənab İlham Əliyevi bu münasibətlə təbrik edir, müstəqil Azərbaycanın daha da möhkəmlənməsi və inkişafı naminə gördüyü möhtəşəm işlərdə uğurlar arzulayıram. Bu mükafat Azərbaycana, dövlət başçısı İlham Əliyevin həyata keçirdiyi siyasətə beynəlxalq baxışın tərkib hissəsidir. Bu baxımdan ki, ötən il dünyanın bir çox ölkələrinin nüfuzlu nəşrlərinin sorğuları əsasında möhtərəm İlham Əliyev "İlin adamı" mükafatına dəfələrlə layiq görülüb.

Təbii ki, hər dövləti dünyada tanıdan, yeri və rolunu müəyyənləşdirən onun siyasətidir. 22 illik müstəqillik tarixinə malik olan Azərbaycanın ötən bu dövr ərzində qazandığı uğurlar da bu fikrin təsdiqidir. Ulu öndər Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi təməl üzərində uğurlu inkişafını davam etdirən Azərbaycana hansı bir sahədən baxış keçirsək, yalnız və yalnız böyük tərəqqinin şahidi olarıq. Möhtərəm Prezident İlham Əliyevin son on ildə Azərbaycana qazandırdığı uğurların miqyası genişdir və qarşıdakı on il üçün nəzərdə tutulan "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası onların davamlılığına zəmin yaradır. Azərbaycanı daha güclü və qüdrətli dövlətə çevirmək, əhalinin sosial müdafiəsini gücləndirmək, demokratikləşmə prosesini sürətləndirmək, modernləşmə, yeniləşmə dövlət siyasətinin əsasında dayanır. Ölkəmizin ev sahibliyi etdiyi beynəlxalq səviyyəli tədbirlərdə də bu amillərin vəhdətliyi fonunda əldə olunan nəticələr önə çəkilərək inkişafın Azərbaycan modelinin mövcudluğu yüksək səviyyədə təqdir olunur. Əgər bu gün Azərbaycana xaricdən baxış keçirib, iqtisadi möcüzələr ölkəsi, Cənubi Qafqazın parlayan ulduzu, çiçəklənən respublika, dünyanın 10 xoşbəxt ölkəsindən biri kimi dəyərləndirilirsə, təbii ki, bu, uğurlu siyasətin bariz nümunəsidir. İqtisadiyyatın əsas inkişaf göstəricisi olan ümumi daxili məhsulun son on ildə 3,4 dəfə, dövlət büdcəsinin 20 dəfədən çox artması ölkənin hərtərəfli inkişafının təmin olunmasına stimul verən əsas amillərdir. Bu uğurları şərtləndirən əsas amillərdən biri də xalq-Prezident birliyidir. Dövlətin siyasəti xalqımız tərəfindən yüksək dəyərləndirilir, görülən işlər hər bir Azərbaycan vətəndaşında böyük ruh yüksəkliyi yaradır. Bunun bariz nümunəsi də ötən ilin oktyabrında ölkəmizdə keçirilən prezident seçkiləridir. Ölkə əhalisi seçki prosesində fəal iştirakı, möhtərəm İlham Əliyevə dəstəyi ilə bu siyasətin davamlılığına, gələcək illər üçün ölkəmizin qarşısında yeni imkanların açılmasına səs verdi. Xalqımız möhtərəm Prezidentimizin əsas hədəf kimi qarşıya qoyduğu "Azərbaycan inkişaf etmiş ölkəyə çevrilməlidir" tezisinin gerçəkliyə çevrilməsinə dəstəyini möhtərəm İlham Əliyevin ətrafında sıx birləşməsi ilə təsdiqləyir. Həyata keçirilən siyasətin alternativsizliyi dünyanın tanınmış siyasətçilərinin, politoloqlarının, nüfuzlu araşdırmalar mərkəzlərinin açıqlamalarında da xüsusi qeyd edilir, dövlət başçısı möhtərəm İlham Əliyev ən yüksək mükafatlara layiq görülür. Ölkəsini inkişafa, tərəqqiyə aparan liderə xalqın sevgisi böyük olmaqla yanaşı, beynəlxalq dəstək də yüksək olur.

Bütün xəbərlər Facebook səhifəmizdə