Sədaqət Vəliyeva: “Dövlət cəmiyyətdə sosial gümrahlıq formalaşdırır”
"Azərbaycanda dövlət siyasətinin mərkəzində insan amili durur və sosial rifah dövlətinin qurulması istiqamətində çox ciddi addımlar atılmaqdadır. Son günlər ərzində cənab Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın iştirakı ilə açılışı olmuş xəstəxanaların, müalicə-diaqnostika mərkəzlərinin, eyni zamanda, əlillərin reabilitasiyası üçün mərkəzlərin və digər sosial əhəmiyyətli obyektlərin sayı bir daha Azərbaycanın sosial dövlət kimi mahiyyətini ortaya qoyur. Biz 2013-cü ildə də sosial sahənin inkişafını gördük və bu sferada atılan addımların ardıcıllığını, səmərəliliyini müşahidə etdik". Bunu Yeni Azərbaycan Partiyasının (YAP) Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva SİA-ya açıqlamasında deyib.
Sədaqət Vəliyeva 2013-cü ildə sosial müdafiə sahəsində ciddi addımların atılmasına da diqqət çəkib: "Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin 3 milyard manata yaxın, 2014-cü il üçün yaşayış minimumunun ölkə üzrə 125, əmək qabiliyyətli əhali üçün 136, pensiyaçılar və uşaqlar üçün 103 manat, həmçinin, bu il üçün ehtiyac meyarının 100 manat müəyyənləşdirilməsi sosial məsələlərə ayrılan diqqətdən xəbər verir. Bununla yanaşı, 2014-cü ilin büdcəsində ipoteka kreditləşməsinə 40 milyon manatın ayrılması gənclərə olan diqqəti də bir daha ortaya qoyur. Eyni zamanda, əlillik dərəcələrinin və ünvanlı sosial yardımlarının verilməsi sahəsində də şəffaflığın təmin edilməsi üçün Prezident İlham Əliyev tərəfindən göstərişin verilməsi dövlətin vətəndaşlara olan diqqət və qayğısını nümayiş etdirir. Məhz, bütün bunlar göstərir ki, dövlət həqiqi surətdə neftdən gələn gəlirləri insan kapitalına çevirir və ümumilikdə cəmiyyətdə sosial gümrahlıq formalaşdırır".
Sədaqət Vəliyeva deyib ki, sosial siyasət əhalinin və onun müxtəlif qruplarının sosial vəziyyətinin saxlanılması və dəyişdirilməsi istiqamətində aparılan siyasətdir: "Sosial siyasətin əsas məqsədi sosial vəziyyətə təsir göstərilməsindən ibarətdir. Burada isə əsas məqsəd insan kapitalını formalaşdırmaq və inkişaf etdirməkdir. Çünki, insan kapitalı səviyyəsi yüksək olan ölkələrdə sosial-iqtisadi islahatlar daha uğurla həyata keçirilir, siyasi şüur, siyasi mədəniyyət yüksəlir, vətəndaş cəmiyyəti formalaşır və sosium dövlətçiliyin möhkəmləndirilməsi və inkişaf etdirilməsi işində yaxından iştirak edir. Ona görə də, insan kapitalının formalaşdırılması üçün insanın sağlamlığı ilkin faktor kimi önə çıxır. Məhz, Prezident İlham Əliyevin rəhbərliyilə aparılan sosial siyasət də buna hesablanıb. Elə 2014-cü ilin büdcəsinə nəzər saldıqda görürük ki, sosialyönümlü xərclərə 5.3 milyard manat ayrılıb ki, bu da ümumi büdcənin təxminən, 27 faizi deməkdir. Səhiyyəyə ayrılan büdcə vəsaitlərinin həcmi isə 11 dəfə çoxalıb. 2014-cü ildə bu rəqəm 725 milyon manat təşkil edib ki, bu da 2013-cü ilin göstəricisindən 8% çoxdur".
Sədaqət Vəliyeva bildirib ki, bu gün dünyanın ən inkişaf etmiş dövlətlərində sosial-iqtisadi böhran baş verir və xüsusilə də, sosial ayırmalar azaldılır: "Amma Azərbaycanda sosial sahəyə diqqət hər gün artır və maliyyələşmə yüksək səviyyədə təmin edilir, eyni zamanda, sosial obyektlərin inşası sürətlə aparılır, insan amili prioritet olaraq gündəmdə qalır. Bununla yanaşı, Milli Məclisdə sosial sahə ilə bağlı vacib qanunlar qəbul edilir, müasir dövrün çağırışlarına müvafiq olaraq, qanunlara əlavə və dəyişikliklər edilir. Çünki, dövlətin diqqət mərkəzində olan sosial siyasəti özündə əks etdirən Konstitusiyanın 16-cı maddəsinin 1-ci bəndində də qeyd olunduğu kimi, Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısına qalır. Bu mənada, görülən işlər nəticəsində Azərbaycanda 10 il ərzində yoxsulluq təxminən 10 dəfə - 49 faizdən 5,5 faizədək azalıb. Azərbaycan hökuməti 2015-ci ilə ölkədə yoxsulluq problemini tamamilə həll etməyi planlaşdırır. Bunun üçün ölkədə "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı" uğurla icra edilir.
Həmçinin, vətəndaşların məşğulluqla təmin edilməsi üzrə iş yoxsulluğun səviyyəsinin azaldılmasına böyük töhfə verib. Son 10 il ərzində Azərbaycanda 1 milyon 200 min yeni iş yeri açılıb ki, onlardan 900 mini daimi iş yeridir. İşsizlik kimi ciddi problemin böyük hissəsi demək olar ki, həllini tapıb. İşsizliyin səviyyəsi təxminən 5 faiz civarındadır. Həmçinin, əməkhaqqı sistemi mütəmadi olaraq təkmilləşdirilir, pensiya, maaş və müavinətlərin mütəmadi və davamlı ödənişi tətbiq edilib. Son 10 il ərzində orta əməkhaqqı 6 dəfə, orta pensiya isə 9 dəfə artıb. 2013-cü ilin sentyabrında minimum əməkhaqqının həcmi və pensiyanın baza hissəsi, müvafiq olaraq, 105 və 100 manata çatdırılıb. Vaxt ötdükcə Azərbaycanda minimum əməkhaqqı yaşayış minumumu səviyyəsinə çatdırılacaq. Bu isə yoxsulluq səviyyəsinin daha da azaldılmasına gətirib çıxaracaq. Ümumilikdə, 10 il ərzində dövlət büdcəsinin sosial müdafiə və sosial təminat xərclərinin həcmi 8 milyard, təhsil xərcləri 8 milyard, səhiyyə xərcləri 2 milyard, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyət xərcləri 1 milyard, elm xərcləri 600 milyon manat təşkil edib. Eyni zamanda, əhalinin gəlirlərinin artım tempi 7 dəfə artıb. Son 10 il ərzində Azərbaycanda 2700 məktəb, 500-ə yaxın xəstəxana, 35 olimpiya mərkəzi tikilib, tarixi abidələrimiz bərpa edilib".
Deputat vurğulayıb ki, bütün atılan addımların təhlili onu göstərir ki, 2014-cü ildə, həmçinin, gələcək illərdə də sosial sahə - insanların sağlamlığı, təhsili, yaşayış səviyyəsi və s. dövlət siyasətinin prioriteti olaraq qalacaq.
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB