Seymur Orucov: “Təbii ki, bunların hər biri göz önündədir” AÇIQLAMA

Seymur Orucov: “Təbii ki, bunların hər biri göz önündədir” AÇIQLAMA

"Ümumiyyətlə, cənab Prezident İlham Əliyev dünyada mövcud ən yüksək orden, medal, təltiflərin hər birinə layiq liderdir. Sevindirici haldır ki, dünyanın ən nüfuzlu mətbu orqanları, qurumları tərəfindən dövlət başçımız məhz bu kimi adlara layiq görülür". Bunu SİA-ya Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyinin sədri Seymur Orucov Pakistanın nüfuzlu ingilisdilli "Pakistan Observer" qəzetinin Azərbaycan Prezidenti İlham Əliyevi "2013-cü ilin adamı" elan etməsi məsələsinə münasibət bildirərkən deyib.

Seymur Orucovun sözlərinə görə, bütün bunların hər biri dövlət başçımızın apardığı uğurlu xarici və daxili siyasətin məntiqi nəticəsidir: "Çünki bu, tək ölkə daxilində olan insanların Prezidentimizə dəstəyi deyil, eləcə də xaricdə olan insanların, siyasətçilərin, dövlət xadimlərinin cənab İlham Əliyevə olan rəğbəti və inamıdır. Düşünürəm ki, 2013-cü il Azərbaycan dövləti üçün çox uğurlu olub. Belə ki, xalq bu illərdə iqtisadi inkişafa, yüksəlişə, tərəqqiyə davam dedi. Bununla belə, insanların iradəsi nəticəsində cənab İlham Əliyev 9 oktyabrda keçirilən prezident seçkilərində növbəti 5 il üçün Azərbaycan Respublikasının Prezidenti seçildi. Ölkəmizin bütün sahələrində - siyasi, iqtisadi, mədəni və s. böyük uğurlar əldə olunub. Təbii ki, bunların hər biri də göz önündədir. 2013-cü ildə ölkəmiz İKT sahəsində uğur əldə etdi. Belə ki, "Azərspace-1" peyki fəzaya buraxıldı və bununla da dövlətimiz Kosmik ailənin bir üzvünə çevrildi. Eləcə də ASAN xidmətin yaradılması, ayrı-ayrı təhsil müəssisələrinin inşası, "Şahdəniz-2" layihəsinə start verilməsi ən yadda qalan işlərdən biri olub".

YAP GB sədri Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən YAP İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlının Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirakına görə "Şöhrət" ordeni ilə təltif olunması haqqında da danışaraq deyib ki, bu, dövlət başçısının YAP-a olan ehtiramıdır: "Mübariz Qurbanlı Azərbaycanın ictimai-siyasi həyatında kifayət qədər aktiv olan və hər zaman öz mövqeyini ortaya qoyan, insanların hörmətini və rəğbətini qazanan siyasətçidir. Düşünürəm ki, həqiqətən də millət vəkilimiz bu mükafata layiqdir. Biz də gənclər adından Mübariz Qurbanlını təbrik edir və ona bundan sonrakı fəaliyyətində uğurlar arzu edirik".

Bütün xəbərlər Facebook səhifəmizdə