Aydın Hüseynov: “Müsavat Partiyası istefa bəyanatını bir müddət öncə hazırlamışdı”

Aydın Hüseynov: “Müsavat Partiyası istefa bəyanatını bir müddət öncə hazırlamışdı”
Müsavat Partiyasının "Milli Şura"nın sıralarını tərk etməsindən heç də təəccüblənmək lazım deyil". Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov ənənəvi müxalifət daxilində davam edən böhranlı vəziyyətə münasibətini açıqlayarkən qeyd edib.

Aydın Hüseynovun fikrincə, əslində, Müsavat Partyasının adıçəkilən qurumdan getməsi gözlənilən idi və partiya yetkililəri daha öncədən təklif etdikləri əməkdaşlıq sazişinin hansı cavabla nəticələnəcəyini gözləyirdi: "2013-cü ilin sonlarında Müsavat rəsmiləri "Milli Şura"da təmsil olunan siyasi partiyalara və hərəkatlara əməkdaşlıq, müttədiqlik sazişi bağlamağı təklif etdi. Artıq bu ilin ilk günlərindən başlayaraq, "El" hərəkatı, KXCP, NİDA kimi siyasi qurumlar Müsavatın təklifinə "yox" dedilər. AXCP-yə gəlincə, bu partiyanın Rəyasət Heyətinin toplantısında qarşı tərəfə gözlənilən cavab verildi. Məhz bundan sonra Müsavat rəhbərliyi qərhal "Milli Şura" sıralarından ayrıldıqları bəyanatını səsləndirdi. Ehtimal etmək mümkündür ki, Müsavat Partiyası istefa bəyanatını hələ bir neçə müddət bundan öncə hazırlamışdı".

YAP rəsmisinin sözlərinə görə, onsuz da "Milli Şura" yaranandan bu günə qədər mövcud olduğu dövrdə korporativ maraqlar, fərdi ambisiyalar üzündən parçalanmağa doğru sürətlə start götürmüşdü. Bu səbəbdən də, proqnoz vermək mümkün idi ki, gec ya da tez "Milli Şura"da qopmalar olacaqdı: "Artıq Müsavatın getməsi "Milli Şura"da AXCP-nin monopoliyasına şərait yaradır ki, digər hərəkat və partiyaların, eləcə də fərdi təmsilçilərin həmin inhisar altında qalması inandırıcı görünmür. Ona görə də qopmalar, parçalanmalar davam edəcək".

Müsavat Partiyasının öz fəaliyyətini "İctimai Palata" formatında davam etdirməsi iddialarına gəlincə isə Aydın Hüseynov bildirib ki, ənənəvi düşərgənin parçalanma əsasını məhz "İctimai Palata" qoydu. Bu səbəbdən də hər hansı bir müxalif siyasi qurumun ya "İctimai Palata"da, ya da "Milli Şura"da təmsil olunması heç nəyi həll etmir: "Fərqi yoxdur, istər "İctimai Palata", istərsə də "Milli Şura" olsun. Bu qurumlar artıq tarixin arxivinə gömülüblər. Adları olub, özləri olmayan belə qurumları isə Azərbaycan ictimaiyyəti çox görüb. Ona görə də ənənəvi müxalifət düşərgəsində hər hansı bir müsbət dəyişikliyi gözləməyə ümumiyyətlə, dəyməz".

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня