Heydər Əliyev Fondunun təşəbbüsü ilə Mərdəkan qəsəbəsində yenidən qurulan Heydər cümə məscidinin açılışı olub

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva mərasimdə iştirak edib
Heydər Əliyev Fondunun təşəbbüsü ilə Mərdəkan qəsəbəsində yenidən qurulan Heydər cümə məscidinin açılışı olub

Dekabrın 31-də Xəzər rayonunun Mərdəkan qəsəbəsində Heydər Əliyev Fondunun təşəbbüsü ilə yenidən qurulan Heydər cümə məscidinin açılışı olub.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva açılışda iştirak edib.

Milli mənəvi dəyərlərimizin qorunması və inkişaf etdirilməsi Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir. Dövlətimizin başçısının təşəbbüsü və tapşırıqlarına əsasən paytaxtda və ölkəmizin bölgələrində onlarla məscid, dini məbəd, tarixi abidə və ziyarətgah inşa edilib, bərpa olunub və ya yenidən qurulub.

Heydər Əliyev Fondunun bu istiqamətdə həyata keçirdiyi layihələri də xüsusi qeyd etmək lazımdır. Xəzər rayonunun Mərdəkan qəsəbəsində Heydər cümə məscidinin yenidən qurulması da Fondun ölkəmizdə milli mənəvi dəyərlərin inkişafı ilə bağlı gördüyü işlərə mühüm töhfədir. Bir müddət əvvəl rayon ağsaqqalları və din xadimləri Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin Xəzər rayonundan deputatı Mehriban Əliyevaya məscidin bərpası xahişi ilə müraciət etmişdilər. Fondun təşəbbüsü ilə yenidən qurulan Heydər cümə məscidi bu gün artıq sakinlərin ixtiyarına verilir.

Leyla Əliyeva məscidin yenidənqurmadan əvvəlki və sonrakı vəziyyətini əks etdirən stendə baxdı.

Məlumat verildi ki, 1893-cü ildən fəaliyyət göstərən bu ibadət ocağında indiyədək əsaslı təmir işləri aparılmamışdı. Ötən ilin fevralında başlanan yenidənqurma işləri yüksək keyfiyyətlə həyata keçirilib.

Heydər Əliyev Fondunun vitse-prezidenti məsciddə yaradılan şəraitlə tanış oldu. Diqqətə çatdırıldı ki, məsciddə eyni vaxtda 130 nəfərin ibadət etməsi üçün hər cür şərait yaradılıb.

Məscidin axundu Leyla Əliyevaya Qurani-Kərim təqdim etdi.

Diqqətə çatdırıldı ki, əvvəllər bir mərtəbədən ibarət olan məscidin yenidənqurma işlərindən sonra ikinci mərtəbəsi də inşa edilib. Burada 180 nəfərlik mərasim zalı yaradılıb, minarə tikilib. Ümumiyyətlə, məscid iki dəstəmazxanadan, kitabxanadan, müxtəlif yardımçı otaqlardan, mədrəsədən ibarətdir.

Bütün xəbərlər Facebook səhifəmizdə