İkram İsrafil: "Azadlıq” qəzetindəki yazıların AXCP-nin rəhbərliyinin mövqeyini ifadə etdiyini ölkədə bilməyən yoxdur"

İkram İsrafil: "Azadlıq” qəzetindəki yazıların AXCP-nin rəhbərliyinin mövqeyini ifadə etdiyini ölkədə bilməyən yoxdur"

Müsavat Partiyasının başqanı İsa Qəmbərin partiyanın Məclisində Milli Şuraya və AXCP-yə səsləndirdiyi ittihamlarından sonra bilavasitə Əli Kərimlinin nəzarətində olan "Azadlıq" qəzeti ona qarşı hücumlarını artırıb. SİA-nın məlumatına görə, müsavatçı funksionerlər də öz növbələrində qarşı tərəfin cavabını verirlər.

Müsavat Divanının üzvü İkram İsrafil bildirir ki, İsa Qəmbərin Məclisdəki çıxışında konkret qəzet adı çəkməsə də, söylədiyi fikirlərə qəzetin baş redkatoru Rahim Hacıyevin reaksiya verməsi "Azadlıq" qəzetinin Müsavata qarşı kampaniya apardığını etiraf etmək deməkdir: "Bu qəzet son vaxtlar Müsavata qarşı o dərəcədə qərəzli münasibət göstərir ki, artıq İsa Qəmbər də bunu dilə gətirmək məcburiyyətində qaldı. "Azadlıq" qəzetində AXCP rəhbərliyinə daxil olan şəxslər tərəfindən Müsavata qarşı mütəmadi əsası olmayan ittihamlar verilir, yazılar dərc olunur. Faktiki olaraq onlar hakimiyyətdən çox Müsavatı hücum obyektinə çeviriblər. Ölkənin bütün problemlərini bu adamlar sanki Müsavatda görürlər. Axtarışdadırlar ki, Müsavata qarşı ölkədə kim fikir səsləndirmək istəyir, dərhal həmin adamı tapıb Müsavata qarşı fikirlərini dərc edirlər. "Azadlıq" qəzetindəki yazıların AXCP-nin rəhbərliyinin mövqeyini ifadə etdiyini ölkədə bilməyən yoxdur. Bunu danmaq mümkün deyil. Mən təəssüf edirəm ki, AXCP rəhbərliyində olan insanlar müttəfiqlik münasibətlərinə heç cür uyğun gəlməyən mövqe sərgiləyirlər. Neçə vaxtdır əllərindəki qəzet vasitəsilə Müsavata, Müsavat rəhbərliyinə qarşı kampaniya aparırlar. Rahim Hacıyevin ""Azadlıq" qəzetində AXCP-yə simpatiyası olan şəxslər işləyir" deməsinin qeyri-səmimi olduğunu da hər kəs bilir. Çünki Rahim Hacıyev də daxil olmaqla həmin qəzetin işçilərinin bir çoxu AXCP-nin üzvləri, hətta rəhbər strukturlarının üzvləridir. Bunu gizlətməyə ehtiyac yoxdur. Biz onları ədalətli olmağa dəvət edirik".

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə