YAP Qadınlar Şurası Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə əlaqədar tədbir keçirib
Dekabrın 30-da Yeni Azərbaycan Partiyası (YAP) Qadınlar Şurasının təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə tədbir keçirilib.
YAP Qadınlar Şurasının sədri Nurlana Əliyeva tədbirdə çıxış edərək bildirib ki, Dünya Azərbaycanlılarının Həmrəylik Günü ayrı-ayrı ölkələrdə yaşayan soydaşlarımızla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq baxımından mühüm əhəmiyyət kəsb edir. 1991-ci il dekabrın 16-da ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi tərəfindən dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd olunması barədə qərar qəbul edildi. Beləliklə, həmin vaxtdan etibarən Dünya Azərbaycanlılarının Həmrəylik Günü bütün azərbaycanlılar tərəfindən əziz bayram kimi qeyd edilir. Ümummilli Liderin bu təşəbbüsü dünya azərbaycanlılarının birlik və həmrəyliyinə aparan yolun başlanğıcını qoyub və ötən müddətdə bu istiqamətdə mühüm addımlar atılıb.
Ulu öndər Heydər Əliyev dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların birliyinin təmin olunmasını, onların Vətənlə əlaqələrinin möhkəmlənməsini daim diqqətdə saxlayırdı. Bu siyasətin Prezident İlham Əliyev tərəfindən davam etdirilməsi nəticəsində bu gün dünyada yaşayan hər bir azərbaycanlı ölkəmizin milli maraqlarının müdafiəsi, azərbaycançılıq ideologiyası ətrafında daha sıx birləşib.
Milli Məclis sədrinin müavini Bahar Muradova ötən il ərzində Azərbaycanın əldə etdiyi uğurlardan danışıb, 2013-cü ildə ölkə qarşısında duran bütün vəzifələrin yerinə yetirildiyini bildirib.
B.Muradova dünya azərbaycanlılarının milli birliyinin və həmrəyliyinin gücləndirilməsi, xarici ölkələrdə Azərbaycan diasporunun formalaşması və inkişafı istiqamətində ümummilli lider Heydər Əliyevin gördüyü böyük işlərdən, Prezident İlham Əliyevin Azərbaycanın dünyada nüfuzunun artmasına və xaricdə yaşayan həmvətənlərimizin problemlərinin həllinə yönəlmiş məqsədyönlü siyasətindən danışıb.
YAP-ın icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov Dünya Azərbaycanlılarının Həmrəylik Gününün əhəmiyyətindən bəhs edib, bu bayramın artıq xalqımızın ənənəsinə çevrildiyini və bu gün bütün dünyada yaşayan həmvətənlərimiz tərəfindən sevinc və qürurla qeyd edildiyini bildirib.
S.Novruzov, həmçinin yüksək intellektual düşüncəyə malik, dünyagörüşlü Azərbaycan xanımlarının həyatımızın müxtəlif sahələrində nümayiş etdirdikləri fəallıqdan danışıb. Diqqətə çatdırılıb ki, Ümummilli Lider qadınların cəmiyyətin bütün sahələrində fəal rol oynamalarına xüsusi önəm verirdi. Bu gün bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Milli Məclisin insan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova tədbirdə Dünya Azərbaycanlılarının Həmrəylik Gününün qeyd olunmasının soydaşlarımıza Vətənə məhəbbət və milli dəyərlərimizə hörmət kimi mənəvi keyfiyyətlər aşıladığını vurğulayıb. Bu bayramın təsis edilməsi dünyanın müxtəlif hissələrində məskunlaşmış həmyerlilərimizin birliyi istiqamətində atılmış ən mühüm addım kimi qiymətləndirilib.
Sonra Şuranın tədbirlərində göstərdiyi fəallığa görə Milli Məclisin bir qrup deputatı, KİV nümayəndələri fəxri fərmanla təltif olunublar.
Tədbir konsert proqramı ilə davam edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB