İsveçrədə Dünya Azərbaycanlılarının Həmrəyliyi və Yeni il münasibətilə bayram tədbiri keçirilib
Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı Səfirliyi və ARDNŞ-nin İsveçrə nümayəndəliyinin birgə təşkilatçılığı ilə Bern şəhərində 31 Dekabr- Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram tədbiri keçirilib. Səfirlikdən SİA-ya verilən məlumata görə, tədbiri giriş sözü ilə açan səfir Əkrəm Zeynallı Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə təsis edilən bu bayramı xalqımızın birlik və mütəşəkkilliyi, milli təəssübkeşliyi və vətənə sədaqətinin rəmzi kimi səciyyələndirib,
Bildirib ki, artıq uzun illərdir təntənəli şəkildə qeyd edilən Həmrəylik Gününün xarici ölkələrdə yaşayan soydaşlarımızda müstəqil Azərbaycan dövlətinə məhəbbət hissini aşılayır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dünya Azərbaycanlılarına ünvanladığı təbrikinin mətnini tədbir iştirakçılarının diqqətinə çatdıran səfir Ə.Zeynallı, ölkə başçısının müstəqil Azərbaycan Respublikasının qorunması və inkişaf etdirilməsi, dünya birliyində mövqelərinin möhkəmləndirilməsi işində diasporamızın üzərinə düşən vəzifələrlə bağlı fikirlərinin xaricdə yaşayan soydaşlarımızı fəaliyyətlərini daha da artırmağa ruhlandırdığını bildirib.
Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə İsveçrədəki soydaşlarımızı təbrik edən səfir, onları Azərbaycan Respublikasının maraqlarının qorunmasında həmrəylik nümayiş etdirməyə və bu ali amal ətrafında sıx birləşməyə çağırıb.
Tədbir Beynəlxalq Muğam Mərkəzinin solistləri xanəndələr Ehtiram Hüseynov və Vəfa Vəzirovanın konsert proqramı və rəsmi ziyafətlə davam etdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB