Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) 4 yaşını qeyd edib. SİA-nın məlumatına görə, tədbirdə gənclər və idman nazirinin müavini İntiqam Babayev, ATGTİ-nin sədri Şahin İsmayılov, gənclər və media nümayəndələri iştirak edib.

Mərasimdə çıxış edən ATGTİ-nin sədri Şahin İsmayılov bildirib ki, 20 noyabr 2009–cu il tarixində təsis olunun ATGTİ artıq 4 ildirki fəaliyyət göstərir: "ATGTİ bu illər ərzində ali və orta ixtisas məktəblərində təhsilin inkişafına kömək göstərmək, tələbələrin maraqlarını təmsil və müdafiə etmək, ölkənin ictimai-siyasi, mədəni, sosial-iqtisadi həyatında onların fəal iştirakını təmin etməyi qarşısına məqsəd qoyub. ATGTİ 4 il ərzində 500-dən çox yerli və beynəlxalq layihə həyata keçirib və keçirilən layihələrdə yüz mindən çox tələbə-gənc iştirak edib. Hal-hazırda Avropa Tələbələr Birliyinin tam hüquqlu üzvü, regionun ən böyük tələbə təşkilatı olan ATGTİ özündə Azərbaycanın 109 ali və orta ixtisas təhsil müəssisələrinin Tələbə Gənclər Təşkilatlarını birləşdirərək, ətrafında 30 minə yaxın tələbə kütləsini cəmləyib".

Daha sonra ATGTİ-nin yaranma tarixini əks etdirən videoçarx nümayiş olunub. Ardınca mərasimdə Gənclər və İdman Nazirliyinə, AR Prezidenti yanında Gənclər Fonduna, təhsil müəssisələrinin prorektorlarına, KİV nümayəndələrinə ATGTİ tərəfindən mükafatlar təqdim olunub. Mükafata layiq görülənlər arasında "SƏS" İnformasiya agentliyinin əməkdaşı Ceyhun Rasimoğlu da olub.

Tədbirdə çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev ATGTİ-ni təbrik edərək, ittifaqın dövlət gənclər siyasətində oynadığı vacib roldan söz açıb. O qeyd edib ki, "Azərbaycanda tələbələr və gənclərlə bağlı kiçik və ən böyük elə bir tədbir yoxdur ki, İttifaqımız olmadan keçsin".

Bununla tədbirdə 2012-2013 tədris ili ərzində ən yaxşı fəaliyyət göstərən TGT-lər mükafatlandırılıb. AzTU TGT ilin TGT-si, ADAU TGT ilin region TGT-si və İdarəetmə və Texnologiya Kolleci TGT-si isə ilin kollec TGT-si elan olunub, qalib TGT-lər İpad və plaketlər ilə mükafatlandırılıb.

Mərasimə bədii hissə ilə yekun vurulub.

Bütün xəbərlər Facebook səhifəmizdə