Politoloq: “Region müharibənin astanasındadır”

"ATƏT-in Minsk qrupu fəaliyyətini bu şəkildə davam etdirsə, regionda gözlənilməz proseslər baş verə bilər"
Politoloq: “Region müharibənin astanasındadır”

"Bu il ATƏT-in Minsk qrupu qeyri-intellektual fəaliyyət göstərib. Çünki 2013-cü ildə onların fəaliyyəti həm zəiflədi, həm səviyyəsi aşağı düşdü, həm də açıq hiss olundu ki, bu qurumda intellektual durğunluq var". Bu fikirləri SİA-ya Siyasi İnnovasiya və Texnologiyalar mərkəzinin sədri Mübariz Əhmədoğlu ATƏT-in Minsk qrupunun fəaliyyətindən danışarkən deyib.

Politoloq vurğulayıb ki, həmsədrlər məsələyə yanaşmada yeni metodlar tapa bilmirlər: "Bu görə də hərdən şou əhlinə xas olan addımlar atırlar. ABŞ Ceyms Uorliki ATƏT-in Minsk qrupuna yeni həmsədr təyin etdi. Bundan sonra hər kəs düşündü ki, C.Uorlik yeni qüvvə ilə proseslərin gedişinə təkan verəcək. Amma verdiyi bəyanatlardan bəlli olur ki, C.Uorlik Dağlıq Qarabağ münaqişəsinin tarixini, tənzimlənmə metodologiyasını bilmir".

M.Əhmədoğlu vurğulayıb ki, C.Uorlikin savad səviyyəsi çox aşağıdır: "Məhz bu səbəbdən də münaqişə barədə danışanda Azərbaycan, Ermənistan və Dağlıq Qarabağ ifadəsini işlədir. Bundan başqa çıxışlarında Dağlıq Qarabağ terminini işlədir. Artıq 3 ildir ki, ermənilərin özləri belə bu termini işlətmir. Yəni ermənilərin özləri başa düşürlər ki, dünyada belə bir xalq yoxdur. Ona görə də 2013-cü il üçün ATƏT-in Minsk qrupunun fəaliyyətini geriləmiş hesab edirəm".

Politoloq bildirib ki, ATƏT-in Minsk qrupu fəaliyyəti bu şəkildə davam etdirərsə, regionda gözlənilməz proseslər baş verə bilər: "Rusiya və Fransadan olan həmsədrlər diplomatik qanunlara əməl etdiyi halda, ABŞ-lı həmsədr C. Uorlik buna əməl etmir. Çünki C.Uorlik şoumenliklə məşğuldur. Ona görə də hesab edirəm ki, ABŞ öz həmsədrini dəyişdirməlidir".

Politoloq vurğulayıb ki, ATƏT-in Minsk qrupunun hazırkı vəziyyəti Azərbaycanın düzgün mövqedə olmasının göstəricisidir: "Ümummilli Lider Heydər Əliyev hər zaman ATƏT-in Minsk qrupunun fəaliyyətini tənqid edib və onlara münaqişənin tənzimlənməsi üçün məsləhətlər verib. Prezident İlham Əliyev də anoloji addımı atır. Ancaq ATƏT-in Minsk qrupu bu məsləhətlərə qulaq asmır. Bu da onların vasitəçilik missiyasını iflasa aparır. Hesab edirəm ki, onların bu fəaliyyətsizliyi regionda vəziyyətin dəyişməsinə gətirib çıxaracaq. Artıq region müharibənin astanasındadır".

Bütün xəbərlər Facebook səhifəmizdə