"ATƏT-in Minsk qrupunun 20 illik vasitəçilik missiyasına nəzər salsaq, bu qurumun fəaliyyətinin uğurlu olmadığını deyə bilərik. Hesab edirəm ki, ATƏT-in Minsk qrupunu həmsədrləri hər nə qədər vasitəçilik missiyası ilə çıxış etsələr də, tərəfsizliklərini qoruya bilmirlər". Bu fikirləri SİA-ya Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzinin Sədri Hatəm Cabbarlı ATƏT-in Minsk qrupunun fəaliyyətindən danışarkən deyib.
H. Cabbarlı deyib ki, həmsədr ölkələr Ermənistanla həm siyasi, həm iqtisadi, həm də hərbi əməkdaşlıq içərisindədir: "Rusiya həm ikitərəfli müqavilələr, həm də MDB və KTMT çərçivəsində Ermənistana çox ciddi hərbi yardımlar göstərir. Eyni zamanda Fransa da Ermənistanla hərbi əməkdaşlığını gücləndirməyə cəhd edir. İqtisadi və siyasi əməkdaşlığı isə yüksək səviyyədədir. ABŞ isə Rusiya və Fransa qədər olmasa da müxtəlif layihələr çərçivəsində Ermənistan ordusunun qarşılaşdığı iqtisadi və siyasi problemlərin aradan qaldırılmasına köməklik edir. Hesab edirəm ki, bu halda ATƏT-in Minsk qrupunun tərəfsiz olub-olmaması sorğulanmalıdır".
ATƏT Minsk qrupunun tərəflərə münaqişənin həll olunması üçün 3 sənəd təklif etdiyini xatırladan H. Cabbarlı qeyd edib ki, bu sənədlərdən birini Azərbaycan, ikisini isə Ermənistan qəbul etməyib: "Bu baxımdan ATƏT-in Minsk qrupu 2014-cü ildə fəaliyyətini daha da genişləndirməlidir. Azərbaycan və Ermənistan prezidentlərinin son görüşü nəzərə alınmasa, ATƏT-in Minsk qrupunun 2013-cü ildə elə də ciddi fəaliyyəti olmayıb. Bu Dağlıq Qarabağ münaqişəsinin həll olunmasında deyil, eyni zamanda cəbhə xəttində atəşkəsin qorunması məsələsində də fəaliyyətləri yetərsizdir. Bütün bunlara görə deyə bilərəm ki, ATƏT-in Minsk qrupunun 2013-cü il üçün fəaliyyəti qənaətbəxş deyil. Eyni zamanda 2014-cü ildə də hər hansı bir uğurun əldə olunacağın gözləmirəm".
H. Cabbarlı qeyd edib ki, ATƏT-in Minsk qrupunun formatının dəyişdirilməsi məsələsi gündəmə gəlsə də hələlik alternativ qurum olmadığına və ya formalaşdırılmadığı üçün 2014-cü ildə də Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində öndə gedəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə