KİVDF jurnalistlərə mənzillərin açarlarını təqdim edib YENİLƏNİB

KİVDF jurnalistlərə mənzillərin açarlarını təqdim edib YENİLƏNİB

Bu gün Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) təşkilatçılığı ilə fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinin mükafatlandırılması, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, rabitə informasiya və texnologiyaları naziri Əli Abbasov, millət vəkilləri, ziyalılar və media nümayəndələri iştirak edib.

KİVDF-nin sədri Vüqar Səfərli mərasimi giriş nitqi ilə açaraq deyib ki, bu gün bizim üçün ən yadda qalan gün olacaq: "Bu gün biz 22 iyul 2013-cü ildə jurnalistlər üçün tikilən binanın sənədlərini və açarlarını sizlərə təqdim edəcəyik. Bütün kommunal xidmətlərlə bağlı sənədlər mənzil sahiblərinin adlarına aktlaşdırılıb. Ev almayan jurnalistlərə də şad xəbərimiz. Məlum olduğu kimi Prezident İlham Əliyev jurnalistlər üçün tikilmiş binanın açılışı günü yaxınlıqda yeni binanın təməlqoyma mərasimində də iştirak etdi. Yeni bina 2 il ərzində tikiləcək və 2015-ci il 22 iyul Milli Mətbuat Günündə istifadəyə veriləcək".

V.Səfərli dövlət başçısı tərəfindən jurnalistlərə göstərilən diqqət və qayğını yüksək dəyərləndirib və bunun dünyada bir ilk olduğunu deyib.

Sonra KİV-in inkişafındakı fəaliyyətinə və göstərdiyi xidmətlərinə görə, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasova, Binəqədi rayon icra hakimiyyətinin başçısı Xaləddin İsgəndərova, Nizami rayon icra hakimiyyətinin başçısı Tahir Budaqova, "Xəmsə" şadlıq sarayının rəhbərliyinə mükafat təqdim olunub. Mükafatı sahiblərinə PA-nın ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov təqdim edib.

Daha sonra PA-nın ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov mənzillərin sənədlərini və açarlarını jurnalistlərə təqdim edib. Sənədi və açarları alanlar arasında "SƏS" Media qrupunun əməkdaşları da olub.

Mərasimdə fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri də mükafatlandırılıb. Mükafa layiq görülənlər arasında "Yeni Azərbaycan" qəzetinin əməkdaşları – Aqşin Şahinoğlu, Nurlan Qələndərli, "İki Sahil" qəzetindən – Nail Rəhimzadə, Orxan Vahidoğlu, "Səs" qəzetindən Rövşən Rəsulov, SİA-dan Rəfiqə Hüseynova olub.

Sonra Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov çıxış edərək deyib ki, Azərbaycan dövləti əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş ciddi sosial siyasət yürüdür. Bu sosial siyasətin tərkib hissəsi, eyni zamanda Azərbaycan cəmiyyətini yönəldən, cəmiyyətdə insanları informasiya ilə təmin edən, cəmiyyətin milli-mənəvi dəyərlərinin keşiyində duran media işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılmasıdır: "2014-cü il həm respublikamız, həm də ev alan jurnalistlər üçün uğurlu bir il olacaq. Necə ki, 2013-cü il həm Azərbaycan mediası üçün, bütövlükdə ölkə cəmiyyəti üçün, həm də dövlətimiz üçün uğurlu bir il oldu. 2013-cü ildə Azərbaycan dövlətinin inkişafı davam etdi, jurnalistika da daxil olmaqla cəmiyyətimiz inkişaf etdi. Biz 1994-cü ildə neft sahəsində imzaladığımız və ümummilli lider Heydər Əliyevin müəllifi olduğu Azərbaycanın yeni neft strategiyasının təməlini qoyduğumuz kimi, 2013-cü ildə də ölkəmizin yeni qaz layihəsinə imza ataraq dünyanın enerji, təbii qaz xəritəsini dəyişməyə səbəb və şərait yaratdıq".

PA rəsmisi qeyd edib ki, bu ilin ən mühüm hadisələrindən biri də ölkəmizdə keçirilən prezident seçkiləri olub və Azərbaycan Prezidenti cənab İlham Əliyev xalq qarşısında 10 illik prezidentlik dövrünün hesabatını verib və gələcək inkişafla bağlı irəli sürdüyü seçkiqabağı platforması və bu sahədəki digər fəaliyyətinə görə Azərbaycan xalqı tərəfindən yekdilliklə yenidən - üçüncü müddət üçün Azərbaycan Respublikasının Prezidenti seçilib: "Bütün bunları qısa formada ümumiləşdirərək qeyd etmək olar ki, biz sözün həqiqi mənasında uğurlu bir ili yola salırıq və ciddi müvəffəqiyyətlər, uğurlar vəd edən yeni bir ili qarşılamağa hazırlaşırıq. 2014-cü ildə bizi mühüm hadisələr, inkişaf gözləyir".

Mərasimə bədii hissə ilə yekun vurulub.

Bütün xəbərlər Facebook səhifəmizdə