“Azərbaycan gəncliyi Prezidentə olan etimadını bu gün olduğu kimi, gələcəkdə də doğruldacaq” MÜNASİBƏT

"Bu gün Azərbaycanda gənclərlə önə çıxmaq, öz kreativ ideyalarını həyata keçirmək, ölkədə və xaricdə təhsil almaq, peşəkar kadr kimi yetişmək imkanları yaradılıb və bütün bunlar Prezident İlham Əliyevin siyasi iradəsini ifadə edir. Təkcə son beş ildə gənclərlə bağlı dövlət proqramlarının qəbulu, gənclərin fəaliyyətinin stimullaşdırılması istiqamətində həyata keçirilən çoxsaylı layihələr bunun bariz nümunəsidir". Bunu SİA-ya Yeni Azərbaycan Partiyası (YAP) Ağdam rayon təşkilatının sədr müavini Amil Cavadov cənab Prezident İlham Əliyevin hakimiyyətdə olduğu son 10 il ərzində gənclərə göstərdiyi diqqət və qayğıdan danışarkən deyib.

"Bu gün Yeni Azərbaycan Partiyası gənclərin potensialından maksimum istifadə edir, onlar üçün geniş meydan açır və imkanlarının üzə çıxmasına əlverişli şərait yaradır. Onların intellektual inkişafına dəstək göstərilməsi, cəmiyyət həyatında fəal iştirakının təmin edilməsi, ümummilli məsələlərin həllinə cəlb olunması, beynəlxalq əlaqələrinin genişlənməsi YAP-ın gənclər siyasətinin aparıcı istiqamətləridir. Prezident İlham Əliyevin diqqət və qayğısı Azərbaycan gənclərini fəallaşdırır, onların özünü realizə etmək imkanlarını genişləndirir. Gənclərlə bağlı ictimai müzakirələrin keçirilməsi, dövlət proqramının qəbul olunması, gənclər forumunun təsis edilməsi, gənclərin dövlət vəsaiti hesabına dünyanın aparıcı ali məktəblərində təhsil almalarına şərait yaradılması, gənclər mərkəzlərinin yaradılması və digər tədbirlər dövlətin gənclər siyasətində sistemli yanaşmanın olduğunu göstərir. Məhz ona görə də Azərbaycan gəncliyinin oktyabr ayının 9-da keçirilən prezident seçkilərində bir seçimi var idi – İlham Əliyev. Bu seçimin nə dərəcədə düzgün olduğunu Azərbaycan xalqı da təsdiqlədi.

Ulu öndər Heydər Əliyev tərəfindən Azərbaycanda hüquqi dövlət, sivil vətəndaş cəmiyyəti və azərbaycançılığı ehtiva edən milli birlik yaratmaq məqsədilə təsis olunan YAP bu gün ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak edən minlərlə gənci öz ətrafında birləşdirir. YAP dövlətinə, millətinə bağlı olan və bu amalla çalışan hər bir gənc üçün vətənpərvərlik məktəbidir. Partiyamız gənclərin ictimai-siyasi həyatda rolunun artırılması, onların layiqli vətəndaş kimi yetişməsi, elmi biliklərinin daha da təkmilləşdirilməsi, həmçinin asudə vaxtlarının səmərəli təşkili istiqamətində də bir çox layihələr həyata keçirmiş və bu istiqamətlərdə işlər davam etdirilir.

Prezident İlham Əliyevin 2011-ci ilin aprel ayında imzaladığı Sərəncama əsasən, bu gün icrası davam etdirilən "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı da dövlətin biz gənclərə olan sonsuz diqqətinin nümunəsidir. Hesab edirəm ki, Prezident İlham Əliyevin biz gənclərə göstərdiyi bu qayğı və diqqət məsuliyyətimizi daha da artırır. İnanıram ki, Azərbaycan gəncliyi ona olan bu etimadı bu gün olduğu kimi, gələcəkdə də doğruldacaq" – deyə, A.Cavadov sözlərinə əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə