“Doğma diyar - Azərbaycan” adlı layihə həyata keçirilib FOTOLAR

“Doğma diyar - Azərbaycan” adlı layihə həyata keçirilib FOTOLAR

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə "Gələcək və İnkişaf" Gənclər İctimai Birliyinin tərəfindən Ağdam rayonu Quzanlı qəsəbəsində "Doğma diyar - Azərbaycan" adlı layihə həyata keçirilib. "Gələcək və İnkişaf" Gənclər İctimai Birliyindən SİA-ya verilən məlumata görə, Ağdam rayon Musiqi Kollecində keçirilən tədbirdə "Gələcək və İnkişaf" Gənclər İctimai Birliyinin həmtəsisçisi Zahid Əkbərov, rayon Gənclər və idman idarəsinin rəisi Elnur Əhmədov, Qarabağ Qaziləri ictimai birliyinin rayon şöbəsinin sədri Şamil Əbilov və Ağdam Rayon İcra Hakimiyyətinin nümayəndələri iştirak ediblər.

İlk olaraq "Gələcək və İnkişaf" Gənclər İctimai Birliyinin həmtəsisçisi Zahid Əkbərov çıxış edərək layihəni açıq elan edib. O, bildirib, 100 nəfər gənci bir araya gətirən "Doğma diyar - Azərbaycan" layihəsinin məqsədi yeniyetmə və gənclərin milli vətənpərvərlik və vətənə sədaqət ruhunda tərbiyə olunması istiqamətində həyata keçirilən gənclər siyasətinə dəstək vermək, həmçinin gənclərlə bu cür görüşlər keçirərək onlarda müstəqil dövlətçilik ənənələrinə hörmət və sədaqət hissinin gücləndirilməsinə, gənclərin Azərbaycanın milli-mədəni irsi, tarixi haqqında məlumatlandırılması, vətənpərvərlik tərbiyəsi işinin səmərəliliyinin artırılmasına nail olmaqdır.

Daha sonra çıxış edənlər rayon Gənclər və idman idarəsinin rəisi Elnur Əhmədov və Qarabağ Qaziləri ictimai birliyinin rayon şöbəsinin sədri Şamil Əbilov ölkəmizdə həyata keçirilən uğurlu gənclər siyasətindən danışıblar. Qeyd olunub ki, bu gün Azərbaycanda uğurla aparılan Dövlət Gənclər siyasətinin əsas hissəsini də məhz gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunmsı təşkil edir. Onlar bu sahədə dövlətin apardığı müntəzəm işlərdən, tədbirlərdən danışaraq gənclərin üzərinə düşən vəzifələrin öhtəsindən layiqincə gəlmələri üçün daim çalışmalı oldquqlarını bildiriblər. Həmçinin çıxışlarda qeyd olunmuşdur ki, birinci Qarabağ müharibəsindəki Azərbaycanın gəncliyinin göstərdiyi qəhramanlıq, cəsarətq, vətən uğrundan gözlərini qırpmadan canlarından keçmələri bugünkü gənclər üçün bir örnəkdir.

Sonra Ağdam Musiqi Kollecinin tələbələri Aygün Abbasova, İlahə Quliyeva, Sosial İqtisad Kollecinin tələbəsi Rövşən Quliyev də çıxış edərək vətənpərvəlik, onun mahiyyəti, gənclərin bu ruhda tərbiyə olunmasından danışıblar.

Daha sonra tədbir diskussiyalarla davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə