Jurnalistlər Göygöl rayon İcra Hakimiyyətində olublar

Jurnalistlər Göygöl rayon İcra Hakimiyyətində olublar

Mədəniyyət və Turizm Nazirliyinin bir qrup KİV nümayəndəsi ilə 2013-cü il üçün "Azərbaycanın sənətkarlıq paytaxtı" elan olunan Göygöl rayonuna təşkil etdiyi "Media turu" çərçivəsində jurnalistlər Göygöl rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidovla görüşüblər. SİA-nın məlumatına görə, jurnalistləri Göygöldə görməkdən məmnun olduğunu ifadə edən A.Seyidov əvvəlcə rayonun ərazisi, etnik tərkibi, turizm potensialı, mədəniyyət abidələri haqqında məlumat verib.

Bildirib ki, rayonun mərkəzi olan Göygöl şəhərinin əsası 22 avqust 1819-cu ildə Almaniyanın Vyutenburq knyazlığından gələn alman kolonistləri tərəfindən qoyularaq Helenendorf adlandırılıb: "İlk dəfə Helenendorfda 56 ailə yaşayıb. Mənzərəli təbiəti olan Helenendorfda alman memarlığı üslubunda evlər tikilərək 6 küçə salınıb. Həmin dövrdən başlayaraq Göygöldə ümumtəhsil məktəbi, uşaq bağçası, musiqi məktəbi fəaliyyət göstərib. Hazırda mövcud olan Aqrar Sənaye Kombinatının əsas binasını Forer qardaşları tikib, orada şərab və konyak istehsalı ilə məşğul olublar, Helenendorfda istehsal olunan konyak və pivə dünyada tanınaraq bir çox xarici ölkələrə ixrac edilib. 8 avqust 1930-cu ildə mərkəzi Helenendorf olmaqla Nərimanov rayonu təşkil olunub, 28 fevral 1992-ci ildə rayonun ərazisi iki yerə bölünərək Samux rayonu yaradılıb. 29 noyabr 1938-ci ildə isə Nərimanov rayonu Xanlar rayonu, mərkəzi Yelenendorf qəsəbəsi isə Xanlar şəhəri adlandırılıb. Prezident İlham Əliyevin 07 may 2008-ci il tarixli 2801 saylı sərəncamı ilə Xanlar rayonu Göygöl rayonu, rayonun mərkəzi Xanlar şəhəri Göygöl şəhəri adlandırılıb.

Rayonun turizm baxımından əhəmiyyətli bölgə olduğunu vurğulayan Arif Seyidov rayonun Göy-göl Kəpəz dağının ətəyində, səfalı bir guşədə yerləşdiyinii jurnalistlərin diqqətinə çatdırıb: "Göygöl rayonu füsunkar təbiəti ilə yanaşı, tarix və mədəniyyət abidələri ilə də zəngindir. Tarix və mədəniyyət abidələri xalqımızın milli sərvətidir. Bu abidələr, tarixin müxtəlif dövrlərini əks etdirərək, xalqımızın milli-mənəvi və mədəni dəyərlərini özündə yaşadır. Göygöl rayonunda 31 yerli əhəmiyyətli tarixi abidə qeydiyyata alınıb. Onlardan 9-u arxeoloji, digərləri isə memarlıq abidələridir. Hazırda rayon Mədəniyyət və Turizm şöbəsinin tabeçiliyində 15 mədəniyyət evi, 15 klub, 48 kitabxana, 400 nəfər şagirdi olan Göygöl şəhər, 50 nəfər şagirdi olan Xəqani kənd 7 illik uşaq musiqi məktəbi fəaliyyət göstərir. Rayonda iki muzey: Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən eksponat, kitab və disklərdən təşkil olunmuş Heydər Əliyev Muzey Mərkəzi və rayonun tarixini əks etdirən eksponatlardan ibarət Tarix-diyarşünaslıq muzeyi rayon əhalisinə və turistlərə xidmət edir".

İcra başçısı turizmin inkişaf etdirilməsində əldə olunan uğurlarla yanaşı bəzi problemlərində olduğunu qeyd edib. Bildirib ki, rayonda turistlərin yerləşməsi mehmanxana çatışmamazlığı mövcuddur: "Hazırda turizm sahəsində rayon qarşısında bir neçə problem var. Birinci, rayonun əsas turistik əhəmiyyət kəsb edən ərazisi düşmənlə sərhəddə yerləşir. Bu da turistlərin istirahəti üçün müəyyən təhlükələr yaradır. Erməni tapdağı altında qalan torpaqlarımız işğaldan azad olunarsa, Göygölün turizm potensialıda artar. Bundan başqa rayonda turizmin inkişafı üçün əsas maneələrdən biri də otel komplekslərinin olmamasıdır. Ancaq bu problemin də aradan qaldırılması üçün işlər görülür. Hazırda rayonda müasir tələblərə cavab verən otel tikilir və gələn ilin yay aylarında istifadəyə verilməsi planlaşdırılır".

Mədəniyyət və Turizm Nazirliyini Mədəniyyət Siyasəti şöbəsinin müdiri Fikrət Babayev "Azərbaycanın sənətkarlıq paytaxtı" seçilən Göygöldə görülən işləri yüksək qiymətləndirib. Bildirib ki, Göygölün bu il sənətkarlıq paytaxtı seçilməsi heç də təsadüfi deyil, çünki rayonda hazırda gedən abadlıq quruculuq işləri və səərgilərdə nümayiş etdirilən sənətkarlıq nümunələri bunu deməyə əsas verir.

Jurnalistlər adından çıxış edən Mədəniyyət və Turizm nazirliyinin mətbuat xidmətinin katibi Zöhrə Əliyeva icra başçısının səfər çərçivəsində jurnalistlərə göstərdiyi diqqət və qayğıya görə təşəkkürünü bildirib və ölkənin aparıcı media orqanlarının nümayəndələrini icra başçısına təqdim edib.

Təqdimatdan sonra Arif Seyidov jurnalistlərin suallarını cavablandırıb.

Sonda xatirə şəkli çəkdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə