Təhmasib Novruzov: “Milli Şura”nın şansı tükənib MÜSAHİBƏ

Onların sayəsində kimsə Müsavatın və ya AXCP nin üzvü olmuşam deməyə xəcalət çəkir
Təhmasib Novruzov: “Milli Şura”nın şansı tükənib MÜSAHİBƏ

Azadlıq Hərəkatçılar Birliyinin sədri Təhmasib Novruzovun SİA-ya müsahibəsi:

- "Milli Şura" deyilən qurumun bazar gününə planlaşdırdığı aksiyanı dağılmaqda olan qurumun son şansı hesab etmək olarmı?

- Ümumiyyətlə "Milli Şura"nın şansı tükənib. Sadəcə olaraq onlar bu cür hallarla yenidən gündəmə gəlməyə çalışırlar. Bunun başqa mənası ola bilməz. "Milli Şura" özlərinə belə bir ad qoymasına baxmayaraq, dövlətçilikdən və onun mənafeyindən uzaqdadırlar. Bu gün "Milli Şura"nın prezidentliyə namizəd kimi irəli sürdüyü şəxs gedib Amerikada elə bir şəxslə məsləhətləşmələr aparır ki, həmin şəxs bütün həyatı boyu türk xalqları, Azərbaycan əleyhinə çıxışları və bəyanatları ilə məşhurdur. Bundan əlavə, həmin şəxs erməni diasporunu müdafiə edən bir şəxs kimi də tanınır. "Milli Şura" bu cür addımları ilə bir daha göstərir ki, o antiazərbaycançı qurumdur. Bu qurum tükənib. Ən pisi də odur ki, onlar başlamamış tükəndilər. Ona görə də bu gün üçün onların heç bir şansı yoxdur. Sadəcə onlar mitinq kimi oyunları ortaya atmaqla yalnız və yalnız yenidən gündəmə gəlmək, şou yaratmağa cəhd edirlər.

- "Milli Şura"nın daxilində olan əksər partiyalar bu aksiyaya qatılmayacaqlarını bildiriblər. Eyni zamanda Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) və Müsavat partiyaları da mitinqə qatılmayacaqları ilə bağlı müzakirələr aparırlar. Hətta onlar "Milli Şura"dan ayırılacaqlarını da bildiriblər. Bu barədə nə deyə bilərsiniz?

- Mən 1980-ci illərin sonlarında bu insanlarla eyni hərəkatda olmuşam. Ona görə də onların dilini çox gözəl bilirəm. İstər Müsavat, istərsə də AXCP hələ o dövrdə belə dəfələrlə bu kimi səhvlər edir, sonradan səhvlərini düzəltməyə çalışıblar. Lakin bir müddət keçməyib ki, yenidən səhv yola addım atıblar. Mən dəfələrlə bu cür faktların şahidi olmuşam. Nə qədər ki, Müsavatın başında İsa Qənbər, AXCP-nin başında Əli Kərimli var, bu vəziyyət heç zaman dəyişməyəcək. Onlardan milli mənafeyimizə xidmət etmələrini gözləməyə dəyməz. Bir partiyanı ki, İsa Qənbər və Əli Kərimli kimi insanlar idarə edirsə, o zaman həmin partiyaların fəaliyyətindən ölkə xeyrinə nəsə gözləmək sadəlövhlük olardı. Çünki, onlar yalnız şəxsi mənafelərini güdən insanlardır. Hələ o dövrdə İsa Qənbər öz əməlləri ilə Müsavatı gözdən saldı. Eyni variantı Əli Kərimli də etdi. Onların sayəsində kimsə Müsavatın və ya AXCP nin üzvü olmuşam deməyə xəcalət çəkir.

Onların xisləti ortadadır. Nə İsa Qənbər, nə Əli Kərimli millətin, dövlətin mənafeyini düşünmürlər. Onlar üçün ancaq mən, mənim cibim, ailəm və uşağım prinsipi var. Bu cür əqidəyə malik olmaqla heç nəyə nail olmaq mümkün deyil.

- Sizcə, mitinqdən sonra Müsavat "Milli Şura"dan gedəcəkmi?

- İsa Qənbər və ya Əli Kərimli harda olmalarından asılı olmayaraq, Azərbaycanın əleyhinə çalışırlar. İsa Qənbər "Milli Şura"dan gedirsə, demək ki, ona xaricdən daha yaxşı təklif var. O daha pullu bir dəstənin izinə düşüb. Həmin dəstək ona daha çox maliyyə dəstəyi verəcək və Azərbaycan hakimiyyətinə qarşı şər, böhtan atmaqda daha yaxşı kömək edəcək. Milli mənafeyimizi güdməyən insanların bir yerdən çıxıb başqa yerə getməsi heç kim üçün maraqlı deyil. Onsuzda onlara heç kim inanmır və dəstək vermir. Bu cür insanların sözləri yalnız özləri kimilər üçün keçərlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə