Azərbaycan Respublikasının Təbrizdəki Baş Konsulluğunda, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin vəfatının 10-cu ildönümü ilə əlaqədar anım mərasimi keçirilib. SİA-nın məlumatına görə, mərasimdə ilk öncə Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ruhuna dualar oxunub.

Azərbaycan Respublikasının Təbrizdəki baş konsulu Əli Əlizadə mərasimdə çıxış edərək Ulu Öndərin həyat və fəaliyyəti barədə mərasim iştirakçılarına məlumat verib, Heydər Əliyevin Azərbaycan xalqına və dövlətinə göstərdiyi misilsiz xidmətlərindən bəhs edib. Ə.Əlizadə Ulu Öndər Heydər Əliyevin müasir Azərbaycan Respublikasının müstəqilliyinin qorunub saxlanılmasındakı rolunu, onun sayəsində Daglaq Qarabağ münaqişəsində atəşkəs rejiminin əldə olunmasını, Ermənistanın təcavüzkar siyasətinin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasındakı xidmətlərini, Azərbaycanın dünya dövlətləri arasında söz sahibinə çevrilməsindəki nailiyyətlərini vurğulayaraq Azərbaycan Respublikasının bugünkü sürətli sosial-iqtisadi inkişafının, sabitliyinin də onun müdrik siyasətinin nəticələri olduğunu qeyd edib və bu kumi bir çox səbəblərdən onun əziz xatirəsinin daim Azərbaycanda, eləcə də bir çox xarici ölkələrdə, həmçinin Azərbaycana dost və qonşu ölkə olan İran İslam Respublikasında, Təbriz şəhərində də hər il ehtiramla anıldığını bildirib.

Çıxışdan sonra, Ümummilli Liderin həyat və fəaliyyətindən bəhs edən film və videorolik nümayiş etdirilib, Ulu Öndərin misilsiz xidmətlərini və Azərbaycanın sosial-iqtisadi inkişafını əks etdirən kitablar, jurnallar və digər əyani vəsaitlər sərgilənib, iştirakçılara paylanıb. Həmçinin, Ümummilli Liderin xatirəsinə fotolardan ibarət sərgi də də təşkil olunub və ehsan süfrəsi açılıb.

Anım mərasimində, İranın Şərqi Azərbaycan Vilayətinin dövlət rəsmiləri, Türkiyə Respublikasının Təbrizdəki Baş Konsulluğunun əməkdaşları və baş konsulu, Təbrizdə yaşayan Azərbaycan vətəndaşları və şəhər ictimaiyyətinin nümayəndələri iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə