Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar "Xalqa bağışlanan ömür" adlı tədbir keçirilib YENİLƏNİB (VİDEO)
Heydər Əliyevin ölümünün 10 ili ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Kino Xidməti İdarəsinin rəisi Gültəkin Nəriman Beynəlxalq Mətbuat Mərkəzində Ümummilli lider anım günü ilə əlaqədar "Xalqa bağışlanan ömür" adlı tədbir keçirib.
Kino Xidməti İdarəsinin məlumatına görə tədbirdə Millət vəkilləri Sabir Rüstəmxanlı, Sahib Əliyev, Qüdrət Həsənquluyev, Çingiz Qənizadə, Zahid Oruc, Mətbuat Şurasının Rəhbəri Əflatun Amaşov, yerli icra hakimiyyətinin nümayəndələri, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini Elçin Mirzəbəyli, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillərlə bağlı dövlət siyasəti sektorunun müdiri İskəndərzadə Mustafayev, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Gülnarə Məmmədova, Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri Akif Əli, Ombudsman Elmira Süleymanova, "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev, "Qaya" yayım firmasının direktoru Xanhüseyn Əliyev, "Gündəlik Teleqraf" qəzetinin redaktoru Taleh Şahsuvarlı, Bakı Şəhər İcra Hakimiyyətinin məsul şəxsləri və mədəniyyət xadimləri iştirak edib.
Tədbirdə çıxış edən Kinoşünas, əməkdar incəsənət xadimi Aydın Kazımzadə Heydər Əliyevin kino sahəsinin inkişafındakı xidmətlərindən danışıb: "Ulu öndər həmişə kino sənətçilərinə diqqət göstərib, kino xadimlərini qoruyub. Hələ sovet dönəmində ən ağrılı filmlərimizi ekrana buraxdırıb. Heydər Əliyev hakimiyyətə qayıdışından sonra da Azərbaycan kinosunun qayğısını çəkib. Heydər Əliyevin kino sənətinin inkişafındakı xidmətlərindən bəhs edən yeni kitab yazdığını da qeyd edib".
Daha sonra Elmira Süleymanova isə qeyd edib ki, Azərbaycan tarixində müstəqil dövlətin yaranmasında Heydər Əliyevin misilsiz xidmətləri olub: "Dünyada böyük siyasi-xadim kimi tanınmış Heydər Əliyev Azərbaycan tarixində böyük izlər qoyub. Azərbaycan mədəniyyətinin unudulmaz simaları və onların yaratdıqları ölməz əsərlər tariximizin heç bir mərhələsində Heydər Əliyevin zamanında olduğu qədər yüksək qiymətləndirilməmişdir. Heydər Əliyev mədəni irsin təbliğinə, xalqın incəsənətə marağının dirçəlişinə xidmət edən bütün sahələrə xüsusi diqqətlə yanşamışdır".
Millət vəkili Sabir Rüstəmxanlı deyib ki, Heydər Əliyevin hər zaman Azərbaycan mədəniyyətinə, tarixinə, ziyalılarına böyük qiymət verib: "Heydər Əliyevin böyüklüyü onda idi ki, o tarixçi olaraq, Azərbaycan tarixini çox gözəl bilirdi. SSRİ dövründə yazıçılarımıza münasibətdə Heydər Əliyevin nüfuzu çox ciddi rol oynayırdı. İlk dəfə Bakıda Yazıçılar İttifaqının qurultayında Azərbaycan dilində danışan Heydər Əliyev olub. Bu, o dövr üçün əsl inqilab idi. Heydər Əliyev yeni nəslə daim diqqət göstərirdi. Hesab edirəm ki, o, Azərbaycan tarixinin ayrılmaz parçasıdır. Azərbaycanın söz ustadlarına abidələrin ucaldılması, yazıçılar, rəssamlar, bəstəkarlar üçün yaradıcılıq evlərinin tikilməsi, memarlıq komplekslərinin bərpası Ulu Öndərin daim diqqət mərkəzində duran məsələlərdən idi..".
Digər çıxış edənlər bildirmişlər ki, bu gün Prezident İlham Əliyevin mədəniyyətimizin hərtərəfli inkişafı üçün göstərdiyi diqqət və qayğı ulu öndər Heydər Əliyevin milli mədəni intibah amalının yaşadığını və bundan sonra da yaşayacağını bir daha təsdiqləyir.
Daha sonra Bakı Şəhər Kino Xidməti İdarəsi tərəfindən hazırlanan Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş "Xalqa bağışlanan ömür" adlı qısametrajlı film nümayiş etdirilib. Filimdə Ümummilli liderin rəhbərlik etdiyi illər ərzində apardığı ardıcıl və məqsədyönlü siyasəti nəticəsində Azərbaycan mədəniyyətinin inkişafı istiqamətində misilsiz xidmətlər göstərməsi, tarixən zəngin olan mədəniyyətimizin yüksəlməsində əvəzedilməz rolundan bəhs edir. Filimin ssenari müəllifi və rejissoru Gültəkin Nərimandır.
Sonda tədbir iştirakçıları ümummilli liderimiz, Heydər Əliyevin xalqımızın, vətənimizin, dövlətçiliyimizin, tariximizin və mədəniyyətimizin naminə göstərdiyi xidmətlərdən söhbət açılıb, xatirələr söylənilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB