Bu gün Azərbaycan Qafqaz regionunda nüfuzlu liderdir

Bu gün Azərbaycan Qafqaz regionunda nüfuzlu liderdir

Amerikada çıxan "The Washington Times" qəzetində senator Rocer Uikerin "Azərbaycanın ABŞ ilə tərəfdaşlığı bu çətin regionda demokratiyanın inkişafı və təhlükəsizliyin təmin edilməsi üçün əlverişli şərait yaradır" sərlövhəli məqaləsi dərc edilib .

Senator Uiker yazır ki, Azərbaycanın BMT Təhlükəsizlik Şurasında qeyri-daimi üzvlüyünün müddəti tezliklə başa çatır. Azərbaycanın bu rolu son iyirmi ildə ölkədə baş vermiş dəyişikliklərə dəlalət edir. Bu gün Azərbaycan Qafqaz regionunda nüfuzlu liderdir. ABŞ ilə Azərbaycan arasında qarşılıqlı maraqlar mövcuddur, buna görə də Azərbaycanın dünya miqyasında tanınması ABŞ-ın da xeyrinədir. Hər iki ölkə dünyada elə təhlükəsiz və firavan mühit bərqərar olmasına çalışır ki, orada "terrorçular əl-ayaq aça bilməsin, kütləvi qırğın silahlarından istifadə edilməsi halları azalsın".

R.Uiker vurğulayır ki, Amerika dəfələrlə Azərbaycanın öz sözünə sadiqliyinin şahidi olmuşdur: Azərbaycan 2001-ci il sentyabrın 11-də terrorçuların hücumlarından sonra terrorizmə qarşı mübarizədə və Əfqanıstanda "Sarsılmaz azadlıq" hərbi əməliyyatı zamanı ABŞ-ı dəstəkləyib, Amerikaya təyyarələrini Azərbaycan səmasından Əfqanıstana uçuşlar həyata keçirmək hüququ verib və öz dəstələrini bu hərbi əməliyyatda iştirak etmək üçün Əfqanıstana göndərib. Bu gün Əfqanıstanda hərbi əməliyyatlar üçün göndərilən materialların üçdə bir hissəsindən çoxu Azərbaycan ərazisindən keçir. Bundan əlavə, Amerika qoşunları Əfqanıstandan çıxarılandan sonra da Azərbaycan hökuməti Əfqanıstanın təhlükəsizlik qüvvələrini dəstəkləyəcək.

Senator xüsusi vurğulayır ki, ABŞ-ın Xəzər regionunda Azərbaycan kimi sabit müttəfiq tapmaqda bəxti gətirib. Azərbaycan əməkdaşlıqda davamlı etibarlılıq nümayiş etdirib. Müttəfiqlərin enerji təhlükəsizliyinin inkişafında Azərbaycanın rolunu vurğulayan R.Uiker ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstarın bu il iyun ayında dediyi sözləri sitat gətirib: "ABŞ ilə Azərbaycan arasında bir sıra müştərək maraqlar Birləşmiş Ştatların xarici siyasətinin prioritetlərinə uyğundur".

Helsinki Komissiyasının ABŞ-dan olan həmsədri, Amerikanın ATƏT qarşısında öhdəliklərinə nəzarət edən senator Uiker bu il Xəzər regionuna səfər etmək, Prezident İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla görüşmək imkanına malik olub.

Senator məqaləsinin sonunda yazır: "Avropa, Asiya və Yaxın Şərqin qovuşduğu məkanda yerləşən dinamik və müasir dövlət olan Azərbaycan ABŞ tərəfindən davamlı dəstəyə və diqqətə layiq olan müttəfiqdir".

Xatırladaq ki, Rocer Uiker 2007-ci ildən ABŞ Senatında Missisipi ştatını təmsil edir. Bundan əvvəl o, həmin ştatın birinci seçki dairəsini təmsil etmiş və ştat senatında qanunvericilərdən biri olub.

Bütün xəbərlər Facebook səhifəmizdə