Səbail rayon İcra Hakimiyyəti Ulu Öndərin anım gününü qeyd edib

Səbail rayon İcra Hakimiyyəti Ulu Öndərin anım gününü qeyd edib

Ümummilli lider Heyər Əliyevin vəfatının 10-cu il dönümü ilə əlaqədar Səbail rayon İcra Hakimiyyəti Azərbaycan Dövlət Filarmoniyasında təntənəli anım mərasimi keçirib. SİA-nın məlumatına görə, ilk əvvəl tədbir iştirakçıları ulu öndərin xatirəsini 1 dəqiqəlik sükutla yad ediblər.

Anım mərasimində Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyəti, onun Azərbaycan tarixindəki rolu barədə geniş məruzə ilə çıxış edərək bildirib ki, Ulu öndərin əbədiyyətə qovuşmasından 10 il ötür: "Qeyri-adi şəxsiyyəti, siyasət və dövlət xadiminə xas olan böyük istedadı ilə fərqlənən, ümummilli lider Heydər Əliyev hələ sağlığında canlı əfsanəyə çevrilmişdi. Azərbaycanın özü qədər əbədi olan dahi şəxsiyyəti hər bir vətəndaşın qəlbində böyük məhəbbətlə sevilir, anılır, yaşanır. Azərbaycan xalqı da fəxr edə bilər ki, onun XX əsrin son 30 ilinə və XXI əsrin əvvəlinə təsadüf edən tarixi və taleyi dahi şəxsiyyət Heydər Əliyevin adı və yaratdığı ideyalarla birbaşa bağlıdır. Dünyanın ən tanınmış siyasətçiləri bu böyük zəka sahibinin fəaliyyətini, onun dəyərli irsini artıq çoxdan örnək kimi qəbul ediblər".

İcra başçısı, həmçinin qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin müdrik siyasəti nəticəsində, dünya birliyi, tərəqqipərvər ictimaiyyət Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində haqqın və ədalətin kimin tərəfində olduğunu qəbul etdi, Azərbaycanın ərazi bütövlüyünü dəstəklədi. Əsası Heydər Əliyev tərəfindən qoyulan dayanıqlı inkişaf ölkə rəhbəri İlham Əliyevin istedadı sayəsində davam edir.

Sonra respublikamızın tanınmış mədəniyyət xadimlərinin iştirakı ilə geniş bədii hissə keçirilib.

Tədbirdən sonra mərasim iştirakçıları və qonaqlar RİH tərəfindən Badamdar qəsəbəsində Ulu öndərin əziz xatirəsinə təşkil olunan ehsan mərasiminə dəvət olunub.

Tədbirdə qeyd olunub ki, dekabrın 12-də rayon ictimaiyyətinin nümayəndələri "Fəxri Xiyaban"da Ulu Öndərin məzarını ziyarət edəcək və həmin gün rayonun Badamdar və Bibiheybət qəsəbələrində, 20-ci yaşayış sahəsində Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunan, ümumilikdə 2000 nəfər üçün ehsan süfrələri təşkil olunacaq, həmçinin Bibiheybət və İçəri şəhər "Cümə" məscidlərində dini mərasimlər keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə