Eldar İbrahimov: “Heydər Əliyev üçrəngli bayrağımızı qaldırmaqla bizə müstəqillik yolunu göstərdi" MÜSAHİBƏ

"Ulu Öndər hakimiyyətə gəlməsəydi nə Azərbaycan xalqı, nə də dövləti mövcud olmayacaqdı”
Eldar İbrahimov: “Heydər Əliyev üçrəngli bayrağımızı qaldırmaqla bizə müstəqillik yolunu göstərdi" MÜSAHİBƏ

Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri Eldar İbarhimovun SİA-ya müsahibəsi

- Siz Ulu Öndər Heydər Əliyevin yaxın silahdaşlarından biri olmusunuz. Ümummilli Liderin ikinci dəfə hakimiyyətə qayıdışı ərəfəsində baş verən hadisələrə bir daha nəzər salmağınızı xahiş edərdik.

- Tale, qismət belə gətirdi ki, 1990-cı ilin əvvəllərində Ulu Öndər məlum səbəblərə görə Naxçıvana qayıtdıqdan sonra, biz Naxçıvanda Heydər Əliyevlə görüşdük. Həmin ilin payızında Heydər Əliyevin seçildiyi Azərbaycan Ali Sovetinə mən də üzv oldum. Buna qədər də Ulu Öndər Naxçıvana hər dəfə gəldikdə onunla görüşmüşdük. Baxmayaraq ki, mən vəzifədə çalşırdım və onunla görüşmək qorxulu idi və hər cür nəticəsi ola bilərdi. Lakin buna baxmayaraq, xalqın böyük oğlu, dahi siyasətçi, dövlət xadimi, xalqımızın fəxr ediləcək bir oğlunu gedib görməmək mənim üçün qəbahət olardı. Ona görə də mən onunla gedib görüşdüm və Ulu Öndərlə xeyli söhbətləşdik. Hətta bu sualı o da mənə verdi ki, bəs sən qorxmadın gəldin, səni vəzifədən çıxara bilərlər. O zaman mən cavab verdim ki, mən vəzifə itirməkdən qorxan adam deyiləm. Vəzifədən çıxmaq olar, amma gəlməsəydim özümə bunu bağışlamazdım, mənə qəbahət olardı. Ürəyim narahat olardı ki, siz gəlmisiz lakin mən sizi görməyə gəlməmişəm . O zaman görüşdük, dediyim kimi həmin ilin payızında qismət oldu ikimiz də Ali Sovetin deputatı seçildik və bundan sonra da bizim münasibətlərimiz daha da yaxın oldu. Biz hər zaman söhbətləşir, dərdləşir, həmsöhbət olurduq.

- Deyirsiniz Ümumilli Liderlə səmimi söhbətləriniz olub. Deyə bilərsinizmi, Ulu Öndər sizinlə söhbətində daha çox hansı məqamlara toxunurdu?

- Biz deputat seçiləndən bir ay keçməmiş Naxçıvanda Ali Sovetin sessiyası çağırıldı və orada Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı qaldırıldı. Çoxumuz o bayrağı tanımır, bilmirdik. Amma mən Heydər Əliyevin yanında olduğum üçün bunu bilirdim. Biz onunla danışıb, söhbətləşdiyimizə görə, məlumatım da var idi. Həmin iclasda iştirak etdim və iclasa Heydər Əliyev sədrlik edirdi. Çünki o zaman Azərbaycan Ali Sovetinin yaşlı deputatı kim idisə o da sədrlik edirdi. Heydər Əliyev də həm yaşına görə ağsaqqal deputat idi, həm də Heydər Əliyev elə Heydər Əliyev idi. O olan yerdə ikinci bir adam kim olar bilərdi ki, Məclisə sədrlik etsin? Ümummilli Liderin sədrliyi ilə iclas başladı və Ulu Öndər Azərbaycan SSR bayrağının Xalq Cumhuriyyətinin bayrağı ilə əvəz olunmasını élan etdi. Bununla bağlı qərar qəbul edildi. Üçrəngli bayrağımız məhz Naxçıvandan sonra 1992-ci ildə 5 fevralda Azərbaycan Ali Sovetində təsdiq edildi. O zaman hələ Sovet hakimiyyəti mövcud idi. Buna baxmayaraq Heydər Əliyev bu cür cəsarətli bir addım atdı. Ulu Öndər ümumiyyətlə, cəsarətli bir insan idi. O qabaqcadan bilirdi ki, Sovet rejimi dağılacaq. Qeyd edim ki, Naxçıvanda müəyyən qüvvələr referendum keçirilməyə cəhd göstərirdilər. Amma biz buna icazə vermədik. Ulu Öndərin haqlı olduğu da bir neçə aydan sonra bilindi. O uzaqgörən, müdrik bir insan idi. O ki, qaldı aramızda olan söhbətlərə Ümummilli Liderlə söhbət edəndə birinci hakimiyyəti dövründə, yəni 1969-82-ci illərdə etimad göstərdiyi insanların sonradan ona qarşı çıxmalarından danışırdı. Onun çörək verdiyi insanlar sonrada Heydər Əliyevə qarşı, mən deyərdim ki, tərbiyəsizlik edirdilər. Biz onunla həmin insanların dönük çıxmalarından və digər məsələlər haqqında söhbət edirdik. Bundan əlavə, biz Ulu Öndərlə bir yoldaş idik. Onunla bir yoldaş kimi söhbətləşirdik. Buna imkan da var idi... Ümumilli Lider dahi insan idi. Bəzən onu kimlərləsə müqayisə edirlər. Lakin mənim subyektiv fikrimə görə, Ümummilli Lideri heç kimlə müqayisə etmək mümkün deyil. Ona görə ki, Ulu Öndər sözün əsil mənasında müqayisəedilməz bir insan idi. O, ən geridə qalan Azərbaycanı ən qabaqcıl ölkəyə çevirdi. Azərbaycanın inkişafında Ulu Öndərin əvəzsiz rolu var. O Azərbaycan üçün nələr etmədi. Elə bir sahə yox idi ki, həmin sahəni dərindən bilməsin. Elə bir həftə olmurdu ki, rayonlara getməsin.

- Söylədiniz ki, Sovet hakimiyyəti hələ də mövcud idi, lakin üçrəngli Azərbaycan bayrağı Naxçıvanda Ali Məclisin iclasında qaldırıldı. Bununla da Heydər Əliyev sübut etdi ki, O prinsipal məsələlərdə məsuliyyəti öz üzərinə götürməyi də bacarır.

- Təbii ki, Heydər Əliyev Naxçıvanda 1991-cı ilin noyabrında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağını qaldırmaqla cəsarətli bir addım atdı. Bu, müstəqilliyə gedən yol idi. O, bizə müstəqillik yolunu göstərdi, Dağlıq Qarabağla bağlı problemlərin necə həll olunması üçün bizə istiqamətlər verdi. Amma çox təəsüflər olsun ki, o vaxtki başı boş, ağılsız, savadsız insanlar onu rəhbər kimi qəbul etmirdilər. Hələ də Sovet hökumətinin yaşayacağına inanırdılar. Baxmayaraq ki, Bakını tikən insana bura gələndə ev vermədilər. Elə məsələr var ki, onları danışmaq lazım deyil. Artıq onlar keçib gedib. O sirlərin açılmasına ehtiyac yoxdur. Lakin Heydər Əliyevin dahiliyini təkcə Azərbaycan deyil, bütün dünya qəbul edirdi. Siz çox yaxşı bilirsiniz ki, 1993-cü ildə Azərbaycan nə vəziyyətdə idi, artıq ölkə parçalanırdı.

- Sizcə, Azərbaycan xalqının çağırışına səs verən Ulu Öndər Naxçıvandan Bakıya gəlməsəydi, Azərbaycanın taleyi necə olardı?

- Hadisələrin mərkəzində olan bir adam kimi deyirəm ki, nə bugünkü Azərbaycan xalqı, nə də dövləti mövcud olmayacaqdı. Ulu öndərin hakimiyyətə gəlməsi ilə bağlı təklifi hələ 1992-ci ildə irəli sürmüşdüm. Lakin o zaman buna mane oldular, qoymadılar. O zaman mənim üçün çox çətin anlar idi. Ona görə ki, Xalq Cəbhəsi müəyyən ümidlərlə tərəfdarlarını ətrafında saxlaya bilirdi. Onlar hakimiyətdə olmaya-olmaya özlərini hakimiyyətdəki kimi hiss edirdilər. Hətta məndən təklifimi geri götürməyimi istəyirdilər. Lakin mən deyirdim ki, kişinin sözü bir olar. Onlar Heydər Əliyevdən qorxur, onu qəbul edə bilmirdilər. 1992-ci ildə ən güclü döyüşlər Sədərəkdə getmişdi. Bunu da bilərəkdən etmişdilər ki, Heydər Əliyevin başı Sədərəkdə baş verənlərə qarışsın, xalqın yadına da düşməsin, hakimiyyətə gələ bilməsin. Sonrakı dövrlərdə aramızda söhbət zamanı mən Ulu Öndərə dedim ki, partiya yaratmaq lazımdır. O əvvəlcə partiya ilə bağlı narazılığını bildirsə də, sonradan partiya yaratmaq haqqında hazırlıqlara başlamaq qərarını verdi. Mən və mənimlə birgə bir sıra insanlar partiyanın yaradıcılığı ilə məşğul olduq. 1992-ci ilin 16 oktyabr tarixində "Səs" qəzetində 91 nəfərin imzası ilə müraciət qəbul olundu. 91 nəfər bugünkü günü görməyi bacaran insanlar idi ki, bu addımı atdılar. Çox insan o zaman qorxurdu. Ulu Öndər bunu çox yaxşı bilirdi. Baxmayaraq ki, deputat kimi toxunulmaz idim, məni də təqib edirdilər. O zaman çox ağır bir dövr idi. O zaman baş verənləri obyektiv işıqlandıran yalnız "Səs" qəzeti idi.

- Torpaqlarımızın bir hissəsinin işğal olunduğu, insanların sabaha olan inamının itdiyi bir məqamda Ulu Öndər yenidən hakimiyyətə gəldi. Belə bir çətin vəziyyətdə Azərbaycanı ayağa qaldırmaq, möhkəmləndirmək, hərcmərcliyin qarşısının almaq çox çətin iş idi. Ulu Öndər bunu necə bacardı?

- Ulu öndər dəfələrlə öz çıxışlarında bildirirdi ki, əsas o deyil ki, müstəqillik əldə edəsən, əsas odur ki, müstəqiliyi qoruyub saxlaya biləsən. Ümummilli Lider bunu bacardı, ölkə iqtisadiyyatını qurdu, inkişaf etdirdi. İlk növbədə atəşkəs məsələsini həll etdi və ondan sonra iqtisadiyyatla məşğul olmağa başladı. "Əsrin Müqaviləsi" bağlandı. Hazırda bunun nəticəsidir ki, bizim dünyada imkanlarımız genişlənib, Avropa ölkələrinin bizə marağı artıb. Görün, Heydər Əliyev nə qədər müdrik, uzaqgörən bir şəxsiyyət olub. O zaman Heydər Əliyev "Əsrin Müqaviləsi" layihəsini 11 ən iri şirkətlərə imzalatdırdı. O siyasətin sayəsindədir ki, Azərbaycan nə qədər inkişaf edib, ölkəmizin iqtisadi qüdrəti artıb. Bu, müharibə şəraitində yaşayan bir dövlət üçün çox önəmlidir. Ona görə ki, iqtisadiyyatın inkişafı hərbi sahənin inkişafı deməkdir. Hazırda ölkə başçısı İlham Əliyev bu siyasəti layiqincə həyata keçirir. Azərbaycanda münbit şərait, sabitlik var. Məhz bu səbəbdən də bir çox beynəlxalq tədbirlər ölkmizdə keçirilir. Bunlar təsadüfən baş verməyib. Təkcə paytaxtımız deyil, regionlarımız da inkişaf edir. Siyasətimizin gücü iqtisadiyyatımızın gücüdür. Bütün bunlar Ulu Öndər tərəfindən əsası qoyulan, hazırki dövlət başçısı İlham Əliyev tərəfindən yüksək şəkildə davam etdirilən güclü siyasətin nəticəsidir.

Bütün xəbərlər Facebook səhifəmizdə