““Milli Şura”nın növbəti mitinq cəhdi də şouya hesablanıb” MÜNASİBƏT

““Milli Şura”nın növbəti mitinq cəhdi də şouya hesablanıb” MÜNASİBƏT

""Milli Şura" yenə də köhnə taktikaya əl atmaqla şou yaratmaq niyyətindədir". Bu sözləri SİA-ya Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Elçin Mirzəbəyli "Milli Şura"nın bazar günü mitinq keçirmək niyyətinə münasibət bildirərkən deyib. O bildirib ki, "Milli Şura" ölkəmizdə keçirilən seçkilər zamanı mitinq keçirməyə cəhd göstərsə də, ən çoxu 1000 nəfərdən artıq insanı bir araya toplaya bilmədi.

Onun sözlərinə görə, "Milli Şura"nın növbəti mitinq cəhdi də şou yaratmağa hesablanıb: "Onlar ancaq vəziyyətdən yararlanmağa çalışırlar. Bildiyiniz kimi ölkəmizdə keçirilən seçki prosesində "Milli Şura" mitinq keçirmək üçün bir neçə dəfə cəhd etdi. Razılaşdırılmış aksiyalarda ən yaxşı halda 1000 nəfər insan toplaya bildirlər, ondan artıq insanı bir araya gətirə bilmədilər. Buna baxmayaraq, "Milli Şura" yenə də köhnə taktikaya əl atmaq niyyətindədir. Onlar bilirlər ki, razılaşdırılmamış mitinq keçirməyə cəhd etsələr, o zaman onun qarşısının alınması üçün müvafiq qurumlar qanunauyğun şəkildə addım atmaq məcburiyyətində qalacaqlar. "Milli Şura" bunu Azərbaycanda sərbəst toplaşmaq hüququnun pozulması kimi qələmə verib, beynəlxalq ictimaiyyəti ölkəmizə yönəltməyə, xaricdən onlara verilən tapşırığı yerinə yetirməyə çalışır. Onların əsas taktikası da bundan ibarətdir".

Açıqlaması zamanı "Milli Şura"nın Ukraynada gedən prosesləri ölkəmizdə tətbiq etmək cəhdinə də fikirlərini bildirən E. Mirzəbəyli vurğulayıb ki, Ukraynada baş verən hadisələrlə Azərbaycanda gedən proseslərin heç bir əlaqəsi yoxdur: "Bildiyiniz kimi, Ukraynada etirazlar mövcud hakimiyyətinin yürütdüyü siyasətdən yaranıb. Ukrayna xalqlarının əksər hissəsi Avropa İttifaqına daxil olmasının tərəfdarıdır. Lakin hakimiyyət əvvəlcə Avropa Birliyinə daxil olması siyasəti yolunu tutsa da, sonradan qətiyyətlə fikrini dəyişdi və bu, kəskin reaksiyaya səbəb olub. Lakin Azərbaycan Avropa Birliyi ilə münasibətlərini kifayət qədər balanslaşdırılmış şəkildə, doğru bir yöndə davam etdirir. Proseslər də sübut edir ki, Azərbaycan hakimiyyətinin mövcud xarici siyasəti ən doğru seçimdir və təhlükəsizlik üçün böyük əhəmiyyət kəsb edir".

Bütün xəbərlər Facebook səhifəmizdə