Əlillər günü Şəmkirdə də qeyd edilib

Beynəlxalq Əlillər günü münasibətilə Şəmkir rayon İcra Hakimiyyəti, YAP Şəmkir rayon təşkilatı və Şəmkir rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin birgə təşkilatçılığı ilə Şəmkir rayonunda geniş tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbiri Şəmkir rayon İcra Hakimiyyətinin Başçısı Nazim Veysov açaraq bildirib ki, 3 dekabr Beynəlxalq Əlilliyi Olan Şəxslər günü kimi qeyd olunur. İndi dünya əhalisinin təxminən 10 faizini fiziki cəhətdən qüsurlu insanlar təşkil edir. Əlilliyi olan insanların 20 faizi inkişaf etməkdə olan ölkələrdə yaşayır. Azərbaycanda dövlət tərəfindən bu qəbildən olan insanların sosial rifahının yüksəldilməsi istiqamətində mühüm addımlar atılır, bu insanların sosial təminatı ildən-ilə daha da möhkəmləndirilir....

Əlillərin sosial müdafiəsi ilə bağlı ölkədə həyata keçirilən geniş miqyaslı tədbirlərin əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. İnsan amilini xüsusi diqqətdə saxlayan görkəmli dövlət xadiminin Azərbaycana rəhbərliyi dövründə əlillərin sosial müdafiəsi ildən-ilə gücləndirilib, onların cəmiyyətə inteqrasiyasına xidmət edən tədbirlər görülüb. Ölkədə əlillərin sosial müdafiəsi ilə bağlı dövlət proqramı hazırlanıb. Həmin proqramda əlilliyin qarşısının alınması, əlillərin reabilitasiyası və sosial müdafiəsi haqqında qanunun bütün müddəaları öz əksini tapıb.

Daha sonra çıxış edən YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev bildirib ki, Ulu öndər Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların ailələrinə, bu yolda fiziki sağlamlığını itirən insanlara, onların problemlərinə də böyük həssaslıqla yanaşıb, əlillərin, müharibə veteranlarının, şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində də əhəmiyyətli işlər görüb. Ulu öndər Heydər Əliyev öz qayğısı ilə 1941- 1945-ci illər müharibəsi veteranlarına da sanki ikinci həyat bəxş edib. Əlillərin, şəhid ailələri və müharibə veteranlarının sosial müdafiəsinin gücləndirilməsi Prezident İlham Əliyevin də diqqət mərkəzindədir. Əlillərin pensiyaları, onlara edilən maddi yardımlar ildən-ilə artır. Prezident İlham Əliyevinin xüsusi tapşırığına əsasən, əlillərin evlə təmin olunması istiqamətində böyük işlər görülüb və görülməkdədir . Bunun bariz nümunəsi kimi bu il Şəmkir rayonunda müharibə veteranlarına və Qarabağ əlillərinə yeni 36 mənzilli bina tikilib istifadələrinə verilib. Ümumilikdə bu il 60 yeni mənzil istifadəyə verilib və gələcəkdə 64 belə mənzillərin tikilib istifadəyə verilməsi nəzərdə tutulur.

Sonra çıxış edən Şəmkir rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru Qoşun Heydərov bildirib ki, ölkəmizdə əlillərin sosial müdafiəsinə xüsusi diqqət yetirilir. Bu barədə bir sıra dövlət əhəmiyyətli proqramlar həyata keçirilib. Əlillər mənzil, maşın, əlil arabaları ilə təmin olunur, müxtəlif ölkələrdə dövlət vəsaiti hesabına müalicə və bərpa kursları keçirlər.

Beynəlxalq aləm də əlillərə qayğı və diqqəti artırıb. Onların hüquqlarının qorunması sahəsində bir sıra tədbirlər həyata keçirilib. Onlardan ən mühümü BMT tərəfindən 1983-1992-ci illərdə həyata keçirilən Əlillər Onilliyidir. 1992-ci il oktyabrın 14-də Onilliyin başa çatması münasibətilə BMT Baş Məclisi dekabrın 3-nü "Əlilliyi olan insanların Beynəlxalq günü" kimi qeyd olunması haqqında Bəyannamə qəbul edib. Bu günün məqsədi cəmiyyəti əlillik problemlərinin həllinə cəlb etmək, əlilliyi olan bütün insanların hüquqlarını qorumaqdır.

Tədbirin sonunda Müharibə veteranları adından çıxış edən Əsəd Sadıqov və Elçin Məmmədov əlillərə göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...