Eldar Namazov İSTEFAYA GEDİR

"El Hərəkatının sədri Eldar Namazov Milli Şuranın Mərkəzi İcra Aparatının rəhbəri vəzifəsindən istefa verəcək". Bu barədə SİA-ya Milli Şuradakı etibarlı mənbə məlumat verib.

Mənbə qeyd edib ki, sözügedən istefa qurumun bu günə nəzərdə tutulan sessiyasında Hərəkatın Ali Məclisinin sədri Eldəniz Quliyev tərəfindən elan ediləcək.

Məlumatda o da bildirilib ki, E.Namazov Milli Şuranın Mərkəzi İcra Aparatının rəhbərliyindən getməsinin səbəbini bəzi funksionerlərlə, xüsusilə də, Müsavat Partiyasının fəalları ilə tez-tez yaranan anlaşılmazlıqlarla bağlayıb və Rüstəm İbrahimbəyovun bu haqda artıq xəbəri var. Hətta o, E.Namazovun yerinə yeni bir namizəd də irəli sürüb.

Lakin "El" hərəkatından olan həmin namizəd bu yükün altına girməkdən imtina edib: "E.Namazovun üzləşdiyi çətinliklərlə o da qarılaşacaq. Buna görə də, həmin vəzifəyə təyin olunmağın mənası yoxdur".

Mənbə bildirir ki, R.İbrahimbəyovun istefasından sonra Milli Şuranın perspektivinə inanmayan E.Namazov, bundan sonrakı fəaliyyətini sərbəst şəkildə davam etdirmək niyyətindədir.

Xəbərdə o da qeyd olunur ki, hərəkat Rüstəm İbrahimbəyovun sədr kimi qalmasında israrlı olacaq. Əgər təklif qəbul olunmayacaqsa, yeni sədrin seçilməsi ilə bağlı müzkirələrin davam etdirilməsi təklifi irəli sürüləcək.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə