Argentinada “Azərbaycanı kəşf et” adlı tədbir keçirilib

Argentinada “Azərbaycanı kəşf et” adlı tədbir keçirilib

Azərbaycanın Argentinadakı Səfirliyində Argentina Xarici İşlər və Etiqad Nazirliyinin Milli Diplomatik Xidmət İnstitutunun (İSEN) tələbə və müəllim heyəti üçün "Azərbaycanı kəşf et" adlı tədbir keçirilib. XİN-in mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, tədbir Səfirlik və Azərbaycan Diplomatik Akademiyasının (ADA) məzunu, hazırda İSEN-də təhsil alan azərbaycanlı tələbə Elnarə Rzayevanın birgə təşkilatçılığı ilə təşkil olunub.

İSEN-in müəllim və tələbələrini salamlayan səfir Məmməd Əhmədzadə ölkəmizin tarixi, mədəniyyəti, bugünki reallığı, xarici siyasəti, sosial-iqtisadi inkişafı, Azərbaycan-Argentina münasibətləri barədə danışıb. İSEN və ADA arasındakı əməkdaşlığın iki ölkə arasındakı münasibətlərə verdiyi töhfələrdən bəhs edən Məmməd Əhmədzadə, bu xüsusda cari ilin avqust ayında İSEN-də Azərbaycanla bağlı, noyabr ayında isə ADA-da Argentina ilə bağlı keçirilən tədbirləri xüsusi vurğulayıb.

Tədbirdə Azəbaycanın mədəni irsini, sosial həyatını, hazırkı inkişafını, xarici siyasət prioritetlərini, ölkəmizdə təşkil olunan beynəlxalq əhəmiyyətli tədbirləri, xüsusilə də 2015-ci il Birinici Avropa Olimpiya Oyunlarına hazırlığı əks etdirən videoçarxlar nümayiş etdirilib.

Tədbirin sonunda iştirakçılara Azərbaycan haqqında müxtəlif nəşrlər paylanılıb.

Tədbirdə Argentina XİN-in rəsmiləri də iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə