“Bakı hər qonağın özünə dost tapa biləcəyi şəhərdir”

“Bakı hər qonağın özünə dost tapa biləcəyi şəhərdir”

Bolqarıstanın nüfuzlu "Seqa" qəzetində "Bakı hər qonağın özünə dost tapa biləcəyi şəhərdir" sərlövhəli məqalə dərc olunub. Məqalənin müəllifi qəzetin baş redaktoru, III Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmiş xanım Peyeva Teodoradır.

Yazıda Azərbaycanın qədim zamanlardan böyük enerji mənbələrinə malik olduğu, Sovet İttifaqı dövründə respublikamızda ən keyfiyyətli neft istehsal edildiyi bildirilib. Məqalədə Azərbaycan iqtisadiyyatının son 10 ildə 3 dəfə artdığı, ölkəmizin beynəlxalq miqyasda etibarlı tərəfdaşa çevrildiyi, Dünya İqtisadi Forumunun ölkələrin rəqabət qabiliyyətliliyinə görə Azərbaycanı dünya miqyasında 39-cu yerə layiq gördüyü vurğulanıb.

Bakının gözəlliyindən yazan müəllif paytaxtın qədimliyinin və müasirliyinin harmoniya təşkil etdiyini bildirib. O, İçəri Şəhər, Qız Qalası, Şirvanşahlar Sarayı və digər qədim abidələr haqqında da oxuculara ətraflı məlumat verib.

Müəllif, həmçinin məşhur memar Zaha Hadinin layihəsi əsasında inşa edilmiş Heydər Əliyev Mərkəzindən söz açıb.

P.Teodora Bakı Beynəlxalq Humanitar Forumunun dövlət rəsmiləri, sabiq prezidentlər, Nobel mükafatı laureatları, tanınmış ictimai-siyasi xadimlər daxil olmaqla çoxsaylı nümayəndələri bir araya gətirdiyini bildirib. XXI əsrdə bəşəriyyətin qarşısında duran qlobal çağırışlara cavab axtarılması, humanitar sahədə əməkdaşlıqla bağlı ən mühüm məsələlərə dair geniş aspektli dialoq, fikir mübadiləsi və müzakirələr aparılması baxımından Forumun əhəmiyyəti vurğulanıb.

Müəllif Forum çərçivəsində Qəbələ və Şəki şəhərlərinə səfərindən bəhs edərək, Şəkinin qədim tarixindən və abidələrindən, Qəbələnin füsunkar təbiətindən və çoxmillətli diyar olmasından, burada azərbaycanlılarla yanaşı, ləzgilərin, udinlərin, rusların və digər xalqların nümayəndələrinin yaşamasından bəhs edib.

Multikulturalizmin Azərbaycanın dövlət siyasəti və həyat tərzi olduğunu yazan P.Teodora Prezident İlham Əliyevin III Bakı Beynəlxalq Humanitar Forumunda söylədiyi nitqindən bununla bağlı sitatlar gətirib.

Bütün xəbərlər Facebook səhifəmizdə