YAP-ın yaranmasının 21-ci ildönümü qeyd edilib YENİLƏNİB

YAP-ın yaranmasının 21-ci ildönümü qeyd edilib YENİLƏNİB

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 21-ci ildönümü münasbətilə tədbir keçirilir. SİA-nın məlumatına görə, tədbirdə Azərbaycan Respublikasının Baş nazirinin müavini, YAP-ın Sədr müavini-icra katibi Əli Əhmədov, Prezident Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Milli Məclisin Sədr müavinləri Ziyafət Əsgərov, Bahar Muradova, dövlət və hökumət nümayəndələri, YAP-ın İdarə Heyətinin və Siyasi Şuranın üzvləri, "91-lər" və ziyalılar iştirak ediblər.

Mərasimdə çıxış edən, Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini-icra katibi Əli Əhmədov başda partiyanın sədri, Prezident İlham Əliyev olmaqla bütün üzvləri təbrik edərək deyib ki, Azərbaycanın yeni tarixində çox mühün siyasi əhəmiyyətə malik olan hadisələr baş verib. Bu hadisələr arasında YAP-nın yaradılması xüsusi yer tutub. YAP yeni siyasi fəlsəfəyə, yeni baxışlara əsasən yaranaraq siyasi meydana qədəm qoyub və tez bir zamanda böyük və nüfuzlu siyasi təşkilata çevrilib. Partiyaya Heydər Əliyev kimi görkəmli şəxsiyyətin rəhbərlik etməsi cəmiyyətin bütün təbəqələrinin bu siyasi təşkilatın ətrafında birləşməsinə səbəb olub.

Azərbaycan vətəndaşlarını 21 il əvvəl narahat edən problemlər bu gün öz yerini davamlı inkişafa və tərəqqiyə verib. Ölkəmizin bu günkü inkişafına gəlib çatmasının başlıca amili ondan ibarətdir ki, ötən illər ərzində Azərbaycanda məhz Heydər Əliyevin müəyyən etdiyi yol uğurla davam etdirilib. Təsadüfi deyildir ki, oktyabrın 9-da Azərbaycanda keçirilmiş Perzident seçkilərində xalqın böyük əksəriyyəti məhz Heydər Əliyev strateji kursunu davam etdirən İlham Əliyevə səs verib. Bu qələbə onu deməyə əsas verir ki, Ulu Öndərin ideyalarına dayanaraq yaranan milli dövlətimiz minillər boyu yaşayacaqdır.

Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, Bakı şəhər icra hakimiyyətinin başçısı Hacıbala Abutalıbov partriyanın yaranması və tarixi missiyasi haqqında geniş məruzə edib.

YAP İdarə Heyətinin üzvü bildirib ki, 1992-ci ilin 21 noyabrında YAP böyük tarixi şəxsiyyətlər yetirmiş qədim Naxçıvan torpağında təsadüfdən deyil, zərurətdən yaranıb. Ötən 21 il ərzində ictimai həyatımızın bütün sahələrini əhatə edən dövlət quruculuğu məsələləri asan və rəvan yollarla getməyib, obyektiv və subyektiv səbəblərdən irəli gələn problemlərin aradan qaldırılması üçün böyük iradə tələb olunub. Çətinliklərə baxmayaraq müasir Azərbaycan cəmiyyəti ictimai, siyasi və iqtisadi zəmində baş verən sosial gərginliklərə sinə gərib, ölkənin real parçalanma təhlükəsindən xilas olaraq öz müstəqilliyini qoruyub saxlaya bilib. Bütün bunlar isə yalnız XX əsrin görkəmli dövlət xadimi, YAP-ın yaradıcısı, ümummilli liderimiz Heydər Əliyevin siyasi uzaqgörənliyi və müdrikliyi sayəsində mümkün olub. Müstəqil və Yeni Azərbaycanın qurucusu Heydər Əliyev eyni zamanda ən yeni tariximizin çətin anlarından şərəflə çıxıb və müstəqilliyimizin gerçəkləşməsində, ictimai-siyasi həyatımızın bütün istiqamətləri üzrə inkişafımızın təmin edilməsində qarant rolunu oynayıb.

Ulu Öndərimizin qurduğu və nəsillərə nümunə ola biləcək Azərbaycan ona görə daim yaşayacaqdır ki, Heydər Əliyev hələ sağlığında öz siyasi məktəbini yaradıb və bu siyasi məktəbin layiqli davamçısı İlham Əliyevin Azərbaycana rəhbərlik etməsini tövsiyyə edib. XXI əsr dünya siyasi arenasında özünəməxsus yeri olan Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyev Azərbaycan dövlətçiliyinin əsl qarantına və xalqımızın bənzərsiz liderinə çevrilib.

H.Abutalıbov qeyd edib ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyev xalqımızın lideri kimi ölkə iqtisadiyyatının sürətli inkişafını təmin etməklə, siyasi-diplomatik uğurlar qazanmaqla, regionda sülhün və ictimai sabitliyin qorunmasına təminat yaratmaqla Azərbaycanın nüfuzunu qaldırmış, öz şəxsiyyətinin nümunəsində azərbaycanlı obrazını ucaldıb. Artıq qətiyyətlə demək olar ki, ümummilli liderimiz Heydər Əliyev Azərbaycanı zəiflik məhbəyindən güc mərkəzinə çevirmişdisə, Prezident İlham Əliyev sosial-iqtisadi yüksəlişə nail olmaqla qloballaşan dünyada Azərbaycanı müasir və inkişaf etmiş dövlətə çevirib.

Beləliklə, keçən illərin çətin və ziddiyyətli sınaqlarından uğurla çıxmış YAP təkcə dünənin və bu günün partiyası deyil, həm də aydın sabahımızın partiyasıdır. Dünənin partiyasıdır ona görə ki, Heydər Əliyevin rəhbərliyi ilə yarandığı ilk gündən ölkənin və millətin paraçalanma təhlükəsinin qarşısını alıb. Bu günün partiyasıdır ona görə ki, siyasi və ideoloji kursunda azərbaycançılıq məfkurəsinə söykənərək Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanı daim yeniləşən gələcəyə aparır. Gələcəyin partiyasıdır ona görə ki, milli mənlik şüurumuzda nə qədər ki, millət, dövlət anlayışları yaşayırsa YAP-da yaşayacaqdır.

Çıxışlardan sonra mərasim konsert proqramı ilə davam edib.

Mərasimdə hökumət üzvləri, Milli Məclisin deputatları, ictimaiyyətin nümayəndələri, ziyalılar və gənclər iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə