XİN sözçüsü: “Bu görüşlər tərəflər arasında razılaşdırılacaq” AÇIQLAMA

XİN sözçüsü: “Bu görüşlər tərəflər arasında razılaşdırılacaq” AÇIQLAMA

"Bu gün Azərbaycanın vahid Gömrük İttifaqına daxil olub-olmaması məsələsi müzakirə predmeti deyil. İkincisi, ölkəmizin müstəqil xarici siyasəti var. Azərbaycan dövləti öz xarici siyasətini yalnız ölkə xalqının milli maraqlarını, mənafelərini rəhbər tutaraq həyata keçirir". Bunu SİA-ya Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Elman Abdullayev bildirib.

E.Abdullayevin sözlərinə görə, Azərbaycanın xarici siyasətinin gündəliyi zəngin və çoxşaxəlidir: "Təbii ki, gündəlikdə yer alan bütün müddəalar ölkəmizin inkişafına və dünyada təbliğ olunmasına, gücləndirilməsinə yönəlib".

Azərbaycan və İran sərhəddində yaşanan müvəqqəti problemlərə də toxunan XİN rəsmisi deyib ki, ümummiyyətlə, Azərbaycan və İran dövləti hər zaman çalışır ki, bu cür xoşagəlməz hallar gələcəkdə təkrarlanmasın: "Sərhəddə yaranan problem müzakirə olundu və gələcək görüşlərimizdə də müzakirə obyektinə çevriləcək. Təbii ki, bu görüşlər tərəflər arasında razılaşdırılacaq. Azərbaycan və İran iki müstəqil və bərabərhüquqlu qonşu ölkələrdir. Hər iki dövlətin başlıca məqsədi əməkdaşlığın, strateji əlaqələrin gücləndirilməsinə yönəlib. Bizim başlıca marağımız isə ondan ibarətdir ki, region inkişaf etsin. Təbii ki, qonşular arasında müəyyən məqamlar, hadisələr mövcud ola bilər. Amma əsas olan odur ki, sonda bütün problemlər tərəflər arasında müzakirə olunur və öz həllini tapır".

Bütün xəbərlər Facebook səhifəmizdə