"Azərbaycandakı seçkilər başqa ölkələrə nümunə kimi göstəriləcək" MÜNASİBƏT

"Azərbaycandakı seçkilər başqa ölkələrə nümunə kimi göstəriləcək" MÜNASİBƏT

"Azərbaycanda keçirilən prezident seçkiləri həm ölkə qanunvericiliyinə, həm də beynəlxalq standartlara tam şəkildə cavab verdi. Seçkilərdə iştirak edən 1500-dən artıq beynəlxalq müşahidəçinin böyük əksəriyyəti nəticələrlə bağlı müsbət fikir səsləndirdilər". Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə noyabrın 21-də AŞPA Bürosunun toplantısında Azərbaycanda keçirilən prezident seçkilərini yüksək qiymətləndirməsinə münasibət bildirərkən deyib.

Millət vəkili qeyd edib ki, beynəlxalq təşkilatların Azərbaycanda baş tutan seçkiləri həm müşahidə etmək, həm də mövcud prosesə adekvat qiymət vermək imkanı əldə etmələri müsbət haldır: "AŞPA-nın yekun rəyini əsas götürərək deyə bilərik ki, Azərbaycan artıq müsbət seçki praktikasına malik olduğunu, seçkilərdə seçib-seçilmək hüququ və namizədlərin öz proqramlarını təbliğ etmək, tərəfdarları ilə işləmək bacarığının olduğunu bir daha təsdiq etmiş oldu. Bundan sonra baş tutacaq seçkilərin hər biri demokratik şəraitdə keçiriləcək. Şübhəsiz ki, bütün beynəlxalq təşkilatlar da Azərbaycanda keçiriləcək seçkiləri hətta başqa ölkələrə nümunə kimi göstərə biləcəklər".

Qeyd edək ki, noyabrın 21-də Avropa Şurası Parlament Assambleyası Bürosunun Avstriyanın paytaxtı Vyanada keçirilən toplantısında Azərbaycanda və Gürcüstanda keçirilmiş prezident seçkilərinin nəticələrinə dair hesabatlar müzakirə olunub. Ölkəmizdə keçirilən seçkilərin nəticələri müsbət qiymətləndirilib. Gürcüstana gəldikdə isə, Avropa Şurası bu ölkəyə qarşı sanksiya tətbiq edib. AŞPA Bürosu Gürcüstandakı seçkilərin nəticələrinə dair müzakirələrdən sonra qəbul etdiyi hesabatında Gürcüstana qarşı iki il müddətinə sanksiyanın tətbiq olunacağını qəbul edib. Buna səbəb isə seçkilər zamanı Gürcüstan hökumətinin AŞPA müşahidəçi missiyasının tərkibindəki rusiyalı millət vəkillərini ölkəyə buraxmaması olub. Büronun qəbul etdiyi sanksiyaya əsasən, iki il ərzində Avropa Şurasının heç bir tədbiri Gürcüstanda keçirilməyəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə