Oğuzda Yeni Azərbaycan Partiyasının yaranmasının 21-ci ildönümü qeyd edilib
Yeni Azərbaycan Partiyasının yaranmasının 21-ci ildönümü münasibətilə partiyanın Oğuz rayon təşkilatının tədbiri keçirilib. Oğuz rayon təşkilatından SİA-ya verilən məlumata görə, tədbirdə RİH başçısı Eyvaz Qurbanov, YAP Oğuz rayon təşkilatının Şura üzvləri, Gənclər Birliyinin üzvləri, Partiyanın veteranları, partiya fəalları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları Yeni Azərbaycan Partiyasının qurucusu və memarı Ulu Öndər Heydər Əliyevin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Tədbirdə partiyanın Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov məruzə ilə çıxış edərək, YAP-ın 21 ildə keçdiyi çətin, şərəfli və qələbələrlə zəngin tarixindən, Ümummilli Lider Heydər Əliyevin və onun layiqli davamçısı, partiyanın sədri, Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə dövlətçiliyimizin qorunması, iqtisadiyyatımızın inkişaf etdirilməsi, əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində görülmüş ölçüyəgəlməz işlərdən danışıb.
Tədbirdə YAP Oğuz rayon təşkilatının İdarə heyətinin üzvü, partiya veteranı Azad Əliyev, YAP Oğuz rayon təşkilatının Şura üzvü Qərənfil Məcidova, YAP Oğuz rayon təşkilatının GB sədr müavini Tale Abdullayev çıxış edərək iqtidar partiyasının yarandığı gündən ictimai–siyasi sahədə fəaliyyətindən, partiyamızın dövlətçiliyimiz qarşısındakı xidmətlərindən ətraflı şəkildə danışıblar.
Oğuz rayon İcra hakimiyyətinin başçısı Eyvaz Qurbanov ölkəmizin ictimai- siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının keçdiyi inkişaf yolundan, Azərbaycanın uğurlarından danışıb: "Azərbaycan Respublikası Prezidenti, Heydər Əliyev siyasi kursunun layiqli davamçısı möhtərəm İlham Əliyevin respublikamızın müstəqilliyinin qorunması, iqtisadiyyatın inkişafı, əhalinin rifah halının yaxşılaşdırılması ilə bağlı həyata keçirdiyi çevik siyasətin, respublikamızın bölgələrində, eləcə də Oğuz rayonunda aparılan böyük həcmli tikinti-quraşdırma və abadlıq işlərinin əhali arasında geniş təbliğatının nəticəsi olaraq insanların Yeni Azərbaycan Partiyasına inamı artıb".
Məlum olduğu kimi, 2013-cü il oktyabrın 9-da ölkəmizdə prezident seçkiləri keçirilib. Bu seçkilərdə Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev 84,54 faiz (3 126 113 seçici) səs toplayaraq böyük üstünlüklə qalib gəldi. Bu seçkilərdə oğuzlular da əvəlki illərdə olduğu kimi, Azərbaycanın demokratik inkişaf xəttinə sadiqliklərini növbəti dəfə təsdiqlədilər.
Biz əminik ki, Yeni Azərbaycan Partiyası nəinki onilliklərin, hətta yüzilliklərin partiyası olacaq, qarşısına qoyduğu bütün vəzifələri axıradək uğurla başa çatdıracaq.
Tədbirin sonunda Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevə müraciət ünvanlanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB