Sadir Məmmədov: “Ermənilərin Xankəndi əhalisinə qarşı ilk separatçı addımı bayrağın endirilməsi ilə başladı” MÜSAHİBƏ

Sadir Məmmədov: “Ermənilərin Xankəndi əhalisinə qarşı ilk separatçı addımı bayrağın endirilməsi ilə başladı” MÜSAHİBƏ

İstefada olan polis polkovniki, Bakı Slavyan universitetinin dosenti, hüquq-elmlər namizədi Sadir Məmmədovun SƏS TV-yə müsahibəsi:

- Dağlıq Qarabağa ermənilərin separatçı meylləri başlayan zaman siz orada mövcud olan Daxili İşlər İdarəsinin rəis müavini vəzifəsində çalışırdınız. Həmin dövrdə ermənilərin separatçı meyllərinə qarşı əməli və ciddi tədbirin görülməməsinin səbəbi nə idi?

- İlk növbədə qeyd etmək istərdim ki, erməni separatçılarının xalqımıza qarşı çevrildiyi zaman ölkədə vahid komandanlıq yox idi, o cümlədən rəhbərlik zəif idi. Bütün əldə olunan informasiyaları biz yazılı sürətdə, gizli şəkildə teleqramlarla Bakıya xəbər verirdik. Lakin bununla əlaqədar heç bir ölçü götürülmürdü. Bu da o dönəmdə mövcud olan hakimiyyətin səriştəsizliyindən və rəhbərlik etmə qabiliyyətinin olmamasından xəbər verirdi.

- Bu gün erməni daşnaqları tərəfindən Qarakənddə vertolyotun vurulması hadisəsindən 22 il ötür. Sizcə, hansı səbəbdən bu vertolyot erməni terrorunun qurbanı oldu?

- Ermənilərin Xankəndi əhalisinə qarşı ilk separatçı addımı kimi mən iyun ayında bizim bayrağın Xankəndindən endirilməsini göstərə bilərəm. Bu hadisədən sonra onlar sözügedən ərazidə xidmət edən rus hərbiçiləri də özlərinə tabe etdilər. 18 noyabr 1991-ci ildə ermənilər Qarakənddən və Xocavəndin bir neçə kəndindən azərbaycanlıları qovdular və həmin əhali Ağdama üz tutdu. Sözügedən kənd əhalisinin geriyə, yəni öz kəndlərinə göndərilməsi üçün əraziyə Bakıdan nümayəndə heyəti gəldi. Sözügedən nümayəndə heyəti Ağdam Rayon İcra hakimiyyətində iclas keçirdilər. İclas zamanı nəqliyyatla bağlı sual veriləndə, yalnız bir vertolyotun olduğu məlum oldu. Uzun müzakirələrdən sonra hamı hava limanına axışdı. Nəzərinizə çatdırım ki, nümayəndə heyətinin tərkibində İsmət Qayıbov, Vaqif Cəfərov və digər 22 nəfər var idi. Təxminən saat 13:45 olardı ki, vertolyot hərəkətə başladı. Saat 16:30-da isə xəbər gəldi ki, sözügedən vertolyot qəzaya uğrayıb. Xəbəri eşidən kimi, mən öz sürücümə dərhal göstəriş verdim ki, təcili yardım çağıraraq hadisə yerinə getsin. Eyni zamanda, Ağdam Polis Şöbəsinə gələrək, Daxili İşlər Nazirliyinin növbətçi hissəsinə vertolyotun ermənilər tərəfindən vurulması ilə əlaqədar məlumat verdim. Hadisə yerinə gedəndə, məni qəza vəziyyətində olan vertolyotun yaxınlığına getməyə qoymadılar. Çünki, orada təxminən 100 dərəcə istilik var idi. Hadisədən bir gün sonra Bakıdan əraziyə istintaq qrupu gəldi. İstintaq qrupu da təsdiqlədi ki, qəza nəticəsində vertolyotda bir nəfər də olsun sağ qalmayıb. Eyni zamanda, istintaq vertolyotda 3 güllə izi də müəyyən edildi.

Bütün xəbərlər Facebook səhifəmizdə