Təmraz Tağıyev: “Rüstəm İbrahimbəyovun “Qafqaz üçlüyü” filmi ermənilərin sifarişidir”

Təmraz Tağıyev: “Rüstəm İbrahimbəyovun “Qafqaz üçlüyü” filmi ermənilərin sifarişidir”

"Rüstəm İbrahimbəyovun ermənilərə xidmət etdiyini əvvəlcədən bilirdik. Bu adam seçkiöncəsi siyasi proseslər zamanı sübut elədi ki, milli maraqlardan tamamilə uzaq düşən, özünə ziyalı adını zorla calaq etmək istəyən bir adamdır. Ömrü boyu bir dəfə də olsun xalqımızın başına gətirilən faciələrə münasibət bildirməyən, heç bir vətəndaşlıq mövqeyi olmayan R.İbrahimbəyov Milli Şura oyunu ilə özünü biabır elədi."

Bunu R.İbrahimbəyovun hazırda "Qafqaz üçlüyü" filmini erməni dilində çəkməsinə münasibət bildirən YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev SİA-ya açıqlamasında bildirib.

T.Tağıyev qeyd edib ki, siyasi proseslərdə "lider" kimi fəal iştirak etmək istəyən R.İbrahimbəyovun milyonlarla sərvəti, qanunsuz şəkildə mənimsədiyi obyektləri ortaya çıxdı: "Şübhəsiz ki, insanları artistliklə aldatmaq istəyən R.İbrahimbəyovun xaricə qaçıb getməsi, orada ermənilərlə işbirliyində olması və "Qafqaz üçlüyü" filmini məhz erməni dilində çəkməsi mənə təəccüblü gəlmir. Çünki o əvvəldən hər bir addımı ilə ermənilərə xidmət etdiyi açıq şəkildə büruzə verirdi. Onun çəkdiyi bu film ermənilərin növbəti sifarişidir".

Bütün xəbərlər Facebook səhifəmizdə