İranın Azərbaycandakı səfiri: “Dağlıq Qarabağ münaqişəsi region üçün böyük təhlükə yaradır” MÜSAHİBƏ

Möhsün Pak Ayın: “Münaqişənin həll olunması üçün prosesə region dövlətlərinin müdaxiləsi daha effektli olar”
İranın Azərbaycandakı səfiri: “Dağlıq Qarabağ münaqişəsi region üçün böyük təhlükə yaradır” MÜSAHİBƏ

İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Möhsün Pak Ayının SƏS TV-yə müsahibəsi:

- İran-Azərbaycan sərhəddinin bağlanması və yenidən açılmasından sonra sərhəddə yeni qaydalar tətbiq olunub. Xüsusilə yük avtomobilləri ilə bağlı məhdudiyyətlər var. Sizcə, yeni qaydaların tətbiqinə ehtiyac varmı?

- Biz iki ölkə arasındakı dostluq sərhədlərinin bağlanmasını iztəməzdik. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Poldəşt-Şahtaxtı sərhəd-keçid məntəqəsini bağladığına və iki gün davamlı olaraq bu sərhədin açılması üçün müraciətimizin nəticəsiz qaldığına görə İran tərəfindən 7 noyabr tarixində bağlandı. Biz buna görə təəssüflənirik. Çünki iki ölkənin vətəndaşları üçün də müəyyən problemlər yarandı. İki ölkənin müvafiq qurumlarının müzakiləri nəticəsində əvvəlcə sərhədlər piyadaların keçməsi üçün açıldı. Tərəflərin sıx müzakirələri öz bəhrəsini verdi və görülmüş tədbirlər nəticəsində Culfa və Biləsuvar gömrük və sərhəd məntəqələri öz fəaliyyətlərini davam etdirirlər.

Ağır tonajlı yük maşınlarının buraxılmaması məsələsinə gəlincə isə deyə bilərəm ki, ağırlığı 30 tondan arıtq olan yük maşınlarının İrana keçməsi ilə bağlı məhdudiyyət yalnız Culfa sərhəd-keçid məntəqəsində tətbiq olunur. Culfa sərhəd-keçid məntəqəsində iki körpü mövcuddur. Bunlardan biri yeni, digəri isə köhnə körpüdür. Hazırda istifadə olunan körpü köhnədir və dağılmaq üzrədir. Bu körpünün istifadəyə yararlılığını saxlamaq üçün biz belə bir qərar qəbul etmişik ki, ağırlığı 30 tondan artıq olan yük maşınlarını buraxmayaq. Ancaq başqa sərhəd keçid-məntəqələrində ağırlığı 30 tondan artıq olan yük maşınlarının gediş-gəlişi üçün heç bir məhdudiyyət yoxdur. Bununla belə İran-Azərbaycan sərhəddində yeni körpünün istifadəyə verilməsi və köhnə körpünün istifadədən çıxarılması ilə əlaqədar müzakirələr davam etdirilir. Ümid edirik ki, iki ölkə arasında sərhədlər barədə yeni anlaşma imzalanacaq və bundan sonra sərhədlərinin bağlanması müşahidə edilməyəcək.

- İranda Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolunun inşası layihəsi reallaşarsa, İran-Azərbaycan münasibətlərinin növbəti inkişafına hansı töhfələr verə bilər?

- Ticari əlaqələrin genişlənməsində tranzit yolların rolu çox böyükdür. Hazırda Azərbaycan Respublikası İranın avtomobil yolları vasitəsi ilə Fars körfəzinə və isti sulara çıxışı var. Bu layihənin icrası isə çox mühümdür və əslində Azərbaycan Respublikası bu dəmiryol xətti ilə Qafqazı İranın dəmiryol xəttinə birləşdirəcəkdir və Azərbaycan Respublikası bu tranzit yol vasitəsilə Fars körfəzinə və Oman dənizinə çıxış əldə edəcək. Məlumdur ki, dəmiryolunun olması Azərbaycandan yüklərin Fars körfəzinə və isti sulara daha tez və böyük həcmdə yüklərin çatdırılmasına xidmət edəcək. Sözsün bu layihənin sona çatdırılması İranla Azərbaycan Respublikası arasında iqtisadi əlaqələrin inkişafına səbəb və nəticədə hər iki ölkənin xeyrinə olacaq.

- Noyabrın 21-də Moskvada Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi üzrə işçi qrupun növbəti iclası keçiriləcək. Bu görüşdən gözləntiləriniz?

- Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi üzrə işçi qrupunun iclası mühüm əhəmiyyət kəsb edir. Ümid edirəm bu iclas işin gedişatında irəliləyiş yaradacaq və nəticə verəcək. İşçi qrupunun toplantısının nəticəsi olaraq bu məsələ ilə əlaqədar xarici işlər nazirlərinin və prezidentlərin görüşü təşkil oluna bilər. Hesdab edirəm ki, bu iclas əvvəlkilərdən xeyli fərqlənəcək. Ümid edirik ki, bu iclada Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsini üçün lazımı nəticələr əldə olunsun.

- Urmiya gölünün qurumasının qarşısını almaq üçün İran hansı addımları atır?

- Urmiya gölünün dirçəldilməsi İran İslam Respublikasının əsas prioritetlərindən biridir. Prezident Həsən Ruhani həm seçkidən öncəki təbliğat kampaniyasında, həm də prezident seçkildikdən sonra bildirib ki, Urmiya gölünün dirçəldilməsi və qorunması qarşı qoyduğumuz əsas prioritetlərindən biridir. Hazırda Urmiya gölünün qurumasının qarşısını almaq üçün dövlət tərəfindən şura yaradılıb. Bu şuraya texniki və elmi mütəxəssislər cəlb olunub. Onlar gölün qurumasına səbəb olacaq bütün proseslərin qarşısını alır. Eyni zamanda, gölün suyunun artması üçün hökumətə təkliflər hazırlayırlar. İran dövləti lazım gələrsə, buludları gölün qurumaması üçün yönləndirə bilər.

- İran İslam Respublikasının uzun zamandır həllini tapmayan Dağlıq Qarabağ münaqişəsinin hazırki durumu ilə bağlı mövqeyi necədir?

- Dağlıq Qarabağ münaqişəsi qısa zamanda həll olunmalıdır. Bu münaqişənin davam etməsi region üçün böyük təhlükə yaradır. Azərbaycan və Ermənistanla sərhədləri olan İran istəyir ki, bu problem tezliklə həll olunsun və sərhədlərdə təhlükəsizlik bərqərar olsun. İran region dövləti kimi münaqişənin həllinə hər bir köməyi etməyə hazırdır. Təəssüflər olsun ki, regiondan kənar qüvvələr və ATƏT-in Minsk qrupu həmsədrləri münaqişənin həlli istiqamətində bir iş görməyiblər. ATƏT-in Minsk qrupunun yaradılmasından bir il sonra həll oluna biləcək problem artıq 20 ildən çoxdur ki, davam edir. Hesab edirik ki, münaqişənin həll olunması üçün prosesə region dövlətlərinin müdaxilə etməsi daha effektli olar.

- Prezident Həsən Ruhaninin İran İslam Respublikasına rəhbərlik etdikdən sonra nüvə proqramı ilə bağlı məsələnin həlli istiqamətində hansı addımlar atılır. Bu məsələdə sizin mövqeyiniz nədən ibarətdir?

- Bu məsələ ətrafında çox ciddi müzakirələr aparılıb. Hər iki tərəf bu məsələnin həll olunması üçün yüksək iradə nümayiş etdirir. Müzakirələrdə iştirak edən İran nümayəndə heyəti çox təcrübəlidir və bu heyət həm İranın Ali Dini Lideri və İran xalqı tərəfindən dəstəklənir. Onlar İran xalqının nüvə enerjisini almaq haqlarının tələb edirlər. Bu məsələnin həll olunması yolunda ən böyük problem siyasi məsələlər, İsrailin siyasi və media təbliğatıdır. Çünki İsrail İranın nüvə enerjisi əldə etmək niyyətinə hər vəchlə mane olmaq istəyir. Əgər müzakirələr İsrailin siyasi fəaliyyətinin təzyiqi altına düşməsə, sonrakı iclaslarda müzakirələr nəticə verəcək.

- Yaxın zamanlarda hansı qarşılıqlı səfərlər gözlənilir?

- İnşallah gələcəkdə mühüm səfərlər olacaq və münasib zamanlarda bu haqda məlumat veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə