Ukrayna-Azərbaycan Prezident Şurasının IV iclası keçirilib FOTO

Ukrayna-Azərbaycan Prezident Şurasının IV iclası keçirilib FOTO

Kiyevdə iki ölkə prezidentləri Viktor Yanukoviç və İlham Əliyevin sədrliyi ilə Ukrayna-Azərbaycan Prezident Şurasının IV iclası keçirilib. SİA-nın Ukrayna prezidentinin saytına istinadən verdiyi məlumata görə, iclasın əvvəlində V. Yanukoviç bildirib ki, Ukrayna Azərbaycanla dostluq münasibətlərini, Azərbaycanın köməyini və dəstəyini yüksək qiymətləndirir: "Biz Ukraynaya və Ukrayna xalqına olan hörmətinə görə Azərbaycan prezidentinə minnətdarıq. Bu, bizim çox xoşumuza gəlir. Münasibətlərimizdəki müxtəlif dövrləri, ölkələrimizin çətin vaxtlarını xatırlayırıq. Hər zaman dostlar dar gündə tanınır".

V. Yanukoviç Azərbaycanın vaxtilə Ukraynaya neft göndərərək ölkə energetikasını və kənd təsərrüfatını xilas etdiyini diqqətə çatdırıb. O, İlham Əliyevi son prezident seçkilərində qələbəsi ilə əlaqədar təbrik edərək ona və dost Azərbaycan xalqına sabitlik və inkişaf arzulayıb.

Azərbaycan prezidenti isə Ukrayna ilə münasibətləri yüksək qiymətləndirdiklərini və əlaqələrin daha da inkişafı üçün çalışacaqlarını söyləyib: "Biz münasibətlərə yeni məzmun verməyə can atırıq. Ölkələrimiz arasında bir çox istiqamət üzrə sıx əməkdaşlıq mövcuddur. Prezident Şurasının növbəti iclası qarşılıqlı əlaqələrimizin möhkəmlənməsi yolunda yeni addımdır".

İlham Əliyev əmin olduğunu bildirib ki, Azərbaycan və Ukrayna bundan sonra da öz suverenliklərinin möhkəmləndirilməsi, quruculuq və vacib iqtisadi, sosial, infrastruktur vəzifələrinin həlli yolunda irəliləməyə davam edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə