Asim Mollazadə: “Türkiyənin danışıqlarda iştirakı prosesə müsbət təsir edəcək”

“Əgər Ermənistan işğalçılıq siyasətinə son qoyarsa Azərbaycan Ermənistanla da Gürcüstan kimi eyni istiqamətdə əməkdaşlıq etməyə hazırdır”
Asim Mollazadə: “Türkiyənin danışıqlarda iştirakı prosesə müsbət təsir edəcək”

"Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində elə şərait yaradılmalıdır ki, Türkiyə bu prosesdə bilavasitə iştirak edə bilsin". Bunu SİA-ya açıqlamasında Demokratik İslahatlar Partiyasının sədri (DİP), millət vəkili Asim Mollazadə deyib.

Millət vəkili bildirib ki, Türkiyənin danışıqlar prosesində iştirakı münaqişənin həllinə müsbət təsir edəcək: "Türkiyə-Ermənistan münasibətlərinin pozulmasına səbəb Azərbaycan torpaqlarının işğal olunması, eyni zamanda BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin icra olunmamağıdır. Türkiyənin də bu məsələdə mövqeyi münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində həll edilməsidir. Eyni zamanda münaqişə öz həllini taparsa, Azərbaycan da Türkiyə-Ermənistan münasibətlərinin müsbət istiqamətdə inkişaf etməsində maraqlıdır".

A.Mollazadənin sözlərinə görə, Azərbaycan bölgədə sülh və stabilliyin olmasında maraqldır: "Azərbaycana təcili sülh lazımdır. Əgər Ermənistan işğalçılıq siyasətinə son qoyarsa, Azərbaycan Ermənistanla da Gürcüstan kimi eyni istiqamətdə əməkdaşlıq etməyə hazırdır".

Bütün xəbərlər Facebook səhifəmizdə