"Azərbaycanı Kəşf Et" kitabının, multimedia və internet portalının təqdimatı keçirilib YENİLƏNİB

"Azərbaycanı Kəşf Et" kitabının, multimedia və internet portalının təqdimatı keçirilib YENİLƏNİB

Bu gün Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşəbbüsü və dəstəyi ilə, Ümummmilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunan, "Dünya Türk Gənclər Birliyi" İctimai birliyi və Media Sənət Akademiyasının birgə layihəsi olan, Azərbaycanın bütün rayonlarını əhatə edən, məlumatlandırıcı, tanıdıcı və təbliğedici mahiyyəti, yüksək səviyyəli (premium class) xüsusiyyətlərə malik olan, "Azərbaycanı Kəşf Et" "Explore Azerbaijan", "Откройте Для Себя Азербайджан" adlı kitablarının, eyni adlı multimedia (DVD-kitab) və internet portalının təqdimat mərasimi keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Dünya Türk Gənclər Birliyinin sədri Əkrəm Abdullayev, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov və digər qonaqlar iştirak edib.

Dünya Türk Gənclər Birliyinin sədri Əkrəm Abdullayev mərasimdə çıxış edərək deyib ki, Azərbaycan dövləti müstəqilllik əldə etdikdən sonra istər klunariya, istər tariximiz, istərsə də digər sahələrlə bağlı ciddi kitablar nəşr edilib: "Prezident İlham Əliyev neft sektorunun inkişafı ilə bərabər, qeyri-neft sektoruna da böyük diqqət və qayğı göstərib. Bu da təbii ki, turizm sektorunun inkişafına əlverişli zəmin yaradıb. İnanıram ki, bu kitab xarici turistlərə ölkəmiz haqqında daha ətraflı məlumat verməklə yanaşı onların bir növ stolüstü kitabına çevriləcək. Azərbaycanda bu kimi çap məhsullarına böyük ehtiyac var".

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev isə diqqətə çatdırıb ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev hər zaman ölkəmizin təbliğat istiqamətində böyük işlər görüb və bu yolda qətiyyətli addımlar atıb: "Bu gün ölkəmiz haqqında bütün məlumatlar dünyanın aparıcı televiziya və xəbər saytlarında işıqlandırılır. Hesab edirəm ki, biz nə qədər Azərbaycan haqqında dolğun məlumatları xarici qonaqların diqqətinə çatdırarıqsa, bir o qədər də dünya ictimaiyyəti Vətənimiz haqqında reallıqların şahidi olacaq".

Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov da kitab haqqında öz təssüratlarını bölüşərək, bu dəyərli çap məhsulunun xarici turistlərə ölkəmiz haqqında əlavə biliklərə şərait yaradacağını sözlərinə əlavə edib.

Sonda isə "Azərbaycanı Kəşf Et" kitabının müəllifi Aynur Talıbova kitabın ərsəyə gəlməsinə görə, əlaqədar qurumlara dərin təşəkkürünü bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə