Bahar Muradova deputatlara əlavə imtiyazlar istəyib

Bahar Muradova deputatlara əlavə imtiyazlar istəyib

Vitse-spiker Bahar Muradova "Milli Məclisin 2014-cü il üçün xərclər smetası haqqında" qanun layihəsinin müzakirəsi zamanı deputatlara bir sıra imtiyazlar verilməsini istəyib. SİA-nın məlumatına görə, o, çıxışı zamanı bildirib ki, parlamentin özünəməxsus ofisləri olmalıdır.

Onun sözlərinə görə, qanunvericilikdə icra orqanlarının, millət vəkillərinin qərargah və telefon xidməti ilə təmin edilməsi müəyyən mənada nəzərda tutulub: "Lakin bunun icrasındakı problemlər yalnız bizə məlumdur. Təkcə biz bilirik ki, burada hansı çətinliklərlə üzləşirik. Bu gün bir çoxları deyə bilər ki, millət vəkilləri yalnız öz problemlərini həll edə bilərlər. Biz bu məsələni bu şəkildə yox, inkişaf etməkdə olan Azərbaycan dövlətinin qanunverici hakimiyyəti və onun üzvlərinin qanunla nəzərdə tutulmuş təminatlarının yerinə yetirilməsi məsələsindən söhbət gedə bilər. Təklif edirəm ki, parlamentin özünəməxsus və icra hakimiyyəti orqanlarının vasitəsi ilə reallaşdırılıb ortaya qoyulan yerlərdə mülkiyyəti olmalıdır. Hər bir deputatın, konkret dairədə ofisi, qərargahı olmalıdır. Rayonlarda bu qədər quruculuq işləri gedir. O qədər tikililər, inzibati binalar yaranır ki, bunların fonunda hər bir millət vəkili üçün 2-3 otaqdan ibarət qərargahın tikilməsi heç də böyük vəsait tələb etmir. Hər bir deputat üçün ofis tikilməsi işinə nail olmalıyıq. Ölkə prezidentinə müraciət edirəm ki, bu məsələdə bizə dəstək versin. Məsələnin həllini bu il üçün nəzərdə tutmasam da ən azı 2015-ci ildən sonrakı çağırış üçün millət vəkillərinin ayr-ayrı qərargahları olması lazımdır. O qədər məsələlər var ki, bunu millət vəkilinə ayrılmış müavinətlə həll etmək mümkün deyil. Bu müavinətin miqrdarı bu gün söhbət mövzusu deyil. Sadəcə o müavinətin ayrı-ayrı istiqamətlər üzrə necə xərclənməsi və hesabatlılığını təmin edilməsi lazımdır".

Deputatlar Bahar Muradovanın bu çıxışını alqışla qarşılayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə